Donald Tramp bu yaxınlarda Avropa İttifaqı (Aİ) liderlərinin onu zarafatla “Avropanın prezidenti” adlandırdıqlarını demişdi.
“Onlar məni Avropanın prezidenti adlandırırlar. Bu, şərəfdir. Avropanı bəyənirəm”, – ABŞ Prezidentinin bu ifadələri səsləndirməsi, avqust ayında yeddi avropalı liderin Vaşinqtona səfərindən bir həftə sonraya təsadüf edirdi.
Ötən həftə POLITICO nəşrində dərc olunan bir məqalədə ABŞ-Aİ münasibətləri çərçivəsində son hadisələrə tənqidi nəzər salan müəllif Nikolas Vinokür Trampın bu sözləri deməkdə haqsız olmadığı yazır. O, sözügedən açıqlamanın “utanverici reallığı” ortaya çıxardığını, Aİ liderlərinin faktiki olaraq ABŞ Prezidentinə öz masalarının başında yer təklif etdiyini qeyd edir.
Müəllifin fikrincə, Aİ yaranandan bəri heç vaxt ABŞ prezidenti Avropanın daxili işlərinə bu qədər birbaşa təsir göstərməyib. Və heç vaxt Aİ-nin 27 ölkəsinin liderləri ABŞ prezidentini təriflənəsi, yola gətiriləsi, lobbiçilik və dilxoşluq ediləsi, ancaq heç vaxt açıq şəkildə ziddiyyətə gedilməməli bir nüfuz sahibi kimi göstərməyə bu qədər istəkli, hətta çarəsiz görünməyiblər.
“Trampın NATO-nun baş katibi Mark Ruttenin ona “ata” deyə müraciət etdiyi mesajı aşkara çıxarmasından tutmuş, Şotlandiyada imzalanan Aİ-ABŞ ticarət sazişində Aİ liderlərinin Vaşinqtonun birtərəfli şərtlərinə razılaşması təslim olmağa bənzəyirdi. Görünür Tramp haqsız deyil”, müəllif yazır.
Avropalı rəsmilər Trampa ehtiramlarını onun Avropanın təhlükəsizliyi və Ukraynanın gələcəyi ilə məşğul olması üçün zəruri taktika kimi qələmə verirlər.
Ancaq müəllif qeyd edir ki, ABŞ-ni öz tərəflərində saxlamaq üçün gərəkəni etdiklərini düşünsələr də, Avropa liderlərinin indi öz nüfuz və söz sahibliyini yenidən bərpa etməyə çalışdıqlarına dair heç bir işarə yoxdur. Əksinə, Aİ liderləri indi Trampa öz daxili işlərində, o istəməsə belə, rol təklif edirlər.
Beləki, Trampı Rusiyaya təzyiqi artırmağa təşviq etmək üçün Vaşinqtona yollanan Aİ liderləri, eyni zamanda ondan Macarıstanın baş naziri Viktor Orbana zəng vurub Ukraynanın gələcək Aİ üzvlüyünə qoyduğu vetonu qaldırmasını xahiş etməsini istəyiblər. Aİ liderlərinin öz daxili münaqişələrinin həlli üçün ABŞ prezidentindən xahiş etməyə məcbur hiss etməsi, onun Avropadakı münaqişələrdə de-fakto söz sahibi rolunu daha da möhkəmləndirib.
“O heç vaxt Avropanın prezidenti olmayacaq, amma xaç atası ola bilər. Daha uyğun analogiya kriminaldır. Biz himayə etdiyini iddia etdiyi bizneslərə hədə-qorxu ilə təsir göstərən bir mafiya başçısı ilə üz-üzəyik”, – adının çəkilməməsi şərti ilə danışan Aİ diplomatı POLITICO-ya deyib.

“Brüssel effekti”ndən kapitulyasiyaya
POLITICO yazır ki, elə də uzaq olmayan keçmişdə Aİ özünü inandırıcı şəkildə ticarət nəhəngi və hörmət tələb edən “tənzimləyici supergüc” kimi təsvir edə bilirdi. Aİ liderləri korporasiyaların və ya xarici hökumətlərin davranışlarını Avropa hüquqi standartlarına uyğunlaşdıran “Brüssel effekti” ilə öyünürdülər.
Geniş istehlak bazarı və hüquqi təsir gücünə güvənən Brüssel nəhəng ABŞ şirkətlərinə “dərs keçməkdən” çəkinmirdi. Aİ ötən onilliklərdə “Google”, “Apple” kimi şirkətlərə milyard dollarlıq cərimələr kəsərək onları nümayişkəranə şəkildə İttifaqın qaydalarına boyun əyməyə məcbur edib.
İndi isə mənzərə dəyişib. Avropa Komissiyasının sentyabrın əvvəllərində “Google” şirkətinə qarşı yeni cərimə kəsəcəyi gözlənilirdi. Elanı bir müddət gecikdirilən qərar, nəhayət, sentyabrın 5-i cümə gününün sonunda sadə press-relizlə səssizcə elan olundu.
Ancaq bu, okeanın o tayından cavabı gecikdirmədi. “Administrasiyamız bu ayrı-seçkilik xarakterli addımlara icazə verməyəcək”, – Tramp sosial media hesablarında yenidən Avropaya barmaq silkələdi.
POLITICO-nun məqaləsində qeyd edilir ki, ümumiyyətlə, Tramp yenidən seçiləndən bəri Aİ liderlərinin ABŞ prezidenti barədə danışmaq üçün, sanki, cəmi iki variantı var: susmaq və ya tərifləmək.
Müəllifin sözlərinə görə, iyun ayında baş tutan NATO sammiti ərəfəsində ekspertlər arasında ABŞ prezidentinin Avropanın hərbi alyansa sadiqliyinə şübhə ilə yanaşaraq əslində yaxşılıq etdiyini iddia etmək dəb halını almışdı. Ancaq Trampın Avropanın maraqlarını güddüyü və sadəcə olaraq “sərt məhəbbət” nümayiş etdirməsi ilə bağlı iddialar bir ay sonra imzalanan Aİ-ABŞ ticarət sazişi ilə aradan qalxdı.
“Tramp qəddar, alçaldıcı şərtlər irəli sürmüşdü. Avropa faktiki olaraq təslim oldu”, müəllif yazır.
Aİ-ABŞ ticarət razılaşması iyulun 27-də Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Şotlandiyanın Törnberri şəhərində danışıqlardan sonra əldə edilib.
Brüssel avtomobildən tutmuş yarımkeçiricilər və dərmanlara qədər əksər mallara 15 faizlik tariflə razılaşıb. Bundan əlavə, Tramp Avropanı növbəti üç il ərzində 750 milyard dollar dəyərində Amerika enerjisini almağa razı salıb. Aİ həmçinin ABŞ-yə 600 milyard dollar dəyərində sərmayə qoymağa razılaşıb.
Saziş Avropa ölkələrində “təslim olmaq” və “boyun əymək” kimi reaksiyalara səbəb olub.
Leyen sentyabrın 10-da Avropa Parlamenti qarşısındakı “İttifaqın vəziyyəti” çıxışında deyib ki, saziş ağır qlobal çaxnaşma mühitində ABŞ ilə münasibətlərdə həlledici sabitliyi təmin edir.
“Biz hər il ABŞ-yə 500 milyard avrodan çox mal ixrac edirik. Milyonlarla iş yeri bundan asılıdır və mən Komissiyanın sədri kimi heç vaxt insanların işi və dolanışığı ilə qumar oynamayacağam”, Leyen vurğulayıb.
POLITICO-ya danışan ABŞ-nin Aİ üzrə keçmiş səfiri Antoni Qardner bütün günahın Avropa Komissiyasına yönləndirməyin tərəfdarı olmadığını deyib. Onun fikrincə, rüsvayçı razılaşmanın əsl memarları Komissiyanı nəyin bahasına olursa-olsun Trampın tələblərini qəbul etməyə razı salan liderlərdir.
Keçmiş səfir xəbərdarlıq edib ki, bu kollektiv uğursuzluğun nəticələri onilliklər olmasa da, illərlə öz təsirlərini göstərə bilər.
“Burada ilk mesaj ondan ibarətdir ki, böyük ticarət bloklarının Avropaya qalib gəlməsinin ən təsirli yolu Avropa İttifaqını parçalamaq üçün rıçaqlardan amansızcasına istifadə etməkdir. Bəlkə də tam nəzərə alınmayan ikinci mesaj isə odur ki, üzv dövlətlər özlərinə sual verə bilərlər: Aİ ticarətdə sipər təmin edə bilmirsə, nəyə yarayır?” – ABŞ-nin Aİ üzrə keçmiş səfiri deyib.
Məqalə müəllifi iddia edir ki, eyni şey tənzimləmələrə də aiddir. Trampın tarif təhdidləri Aİ-nin “Brüssel effekti” konteksindəki suverenliyinin sərhədlərini göstərir. Bu isə blokun dünya səhnəsindəki rolu barədə yeni bir narrativə kəskin ehtiyac yaratdığı anlamına gəlir.
Aİ liderlərinin niyə döyüşmək əvəzinə təslim olmağı seçdiyinə gəldikdə, müəllif cavabın Avropa İttifaqı Şurasına sədrlik edən Antoniu Koştanın son çıxışında açıq şəkildə ifadə olunduğunu deyir.
“Şərq sərhədimizin təhdid altında olduğu halda, tariflərlə bağlı əsas müttəfiqlə gərginliyin artması ehtiyatsız bir risk olardı”, Koşta son açıqlamalarından birində deyib.

“Avropa tamaşaçıdan protaqonistə çevrilməlidir”
Müəllif sorğulayır ki, Avropa artıq Trampa bu qədər meydan veribsə, İttifaq vassallığa, Çin imperiyasının Tiryək müharibələrindən sonrakı taleyini xatırladan uzunmüddətli bir “alçaldılma dövrünə” məhkumdurmu?
Onun sözlərinə görə, Avropanın hazırkı liderləri Trampa “Avropanın Xaç atası” kimi qucaq açmaq istiqamətində birləşiblər. Ancaq buna qarşı olan səslər də var. Onlardan biri İtaliyanın keçmiş baş naziri, “Draqi hesabatı”nın müəllifi Mario Draqidir.
78 yaşlı siyasətçi xəbərdarlıq edir ki, Aİ-nin iqtisadi rəqabətdə ABŞ və Çinlə ayaqlaşması üçün çoxsaylı islahatlara, daha çox əlaqələndirilmiş sənaye siyasətinə, daha sürətli qərarlara və böyük investisiyalara ehtiyacı var. Əks halda, Aİ iqtisadi suverenliyini itirəcək və “yavaş ölümə” məhkum olacaq.
Ancaq hesabatın yayımlanmasından ötən bir il ərzində yaranan mənzərə ürəkaçıcı deyil. Draqi çıxışlarında vurğulayır ki, avropalı liderlər onların xahişi ilə ərsəyə gələn hesabatı indi gözardı edirlər.
“Bugünkü çətinliklərin öhdəsindən gəlmək üçün Avropa İttifaqı özünü tamaşaçıdan, ən yaxşı halda köməkçi aktyordan baş qəhrəmana çevirməlidir”, Draqi ötən ay çıxışlarından birində vurğlayıb.