Rusiya Avropa Şurasından çıxarıldı
Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi martın 16-dan Rusiyanı təşkilatdan çıxarmaq qərarını elan edib.
Müvafiq qərarda deyilir ki, Avropa Şurası Xartiyasının 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur kontekstində Rusiya xaric edilib.
Ukrayna öz modelini təklif edir
“Ukrayna üçün yalnız “Ukrayna modeli” ola bilər”.
Bunu danışıqlarda iştirak edən Ukrayna Prezident Adminstrasiyası rəhbərinin müşaviri Mixail Podolyak Rusiya rəsmilərinin “Ukraynanın Avstriya və ya İsveç modelinə keçməsi” ilə bağlı fikirlərini şərh edərkən deyib.
O bildirib ki, bu məsələlərdə Ukraynanın ilk növbədə mütləq təhlükəsizlik təminatlarına ehtiyacı var: “Ukrayna hüquqi cəhətdən təsdiqlənmiş və qeyri-protokol təhlükəsizlik zəmanətləri ilə neytrallığın xüsusi versiyasını tələb edir”.
“Əlbəttə, biz tərəfdaşlarımızın danışıqlar prosesində fəal tərəf kimi qalmaq cəhdini başa düşürük. İsveç və ya Avstriyanın neytrallıq modelləri haqqında sözlər buradan gedir. Lakin Ukrayna hazırda Rusiya ilə birbaşa müharibə vəziyyətindədir. Buna görə də model yalnız “Ukrayna modeli” ola bilər. Bunun da qanunla təsdiqlənmiş “təhlükəsizlik zəmanətləri” əsasında gerçəkləşməsi mümkündür”, – deyə Podolyak bildirib.
Çavuşoğlu: “Türkiyə Rusiya-Ukrayna müharibəsində balanslı mövqe tutub”
“Ankara Rusiya-Ukrayna böhranının lap əvvəlindən qanunun aliliyini müdafiə edərək aydın, balanslı və obyektiv mövqe tutdu”.
Bunu martın 16-da Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqları aparan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə boğazların statusu ilə bağlı Montrö Konvensiyasına sadiq qalacaq və onun müddəalarına əməl edəcək.
Öz növbəsində S.Lavrov deyib ki, Rusiya ilə Türkiyənin Ukrayna məsələsində fikir ayrılığı var: “Amma Ankaranın balanslı mövqeyi Rusiya üçün xüsusi dəyər daşıyır”.
O qeyd edib ki, Rusiya Türkiyənin Montrö Konvensiyasının tələblərinə məsuliyyətlə yanaşmasını yüksək qiymətləndirir.
Peskov: “Ukraynanın Avstriya və ya İsveç modelinə keçməsi müzakirə olunur”
“Danışıqlarda Ukraynanın hərbsizləşdirilmiş dövlət kimi Avstriya və ya İsveç modelinə keçməsi müzakirə olunur”.
Bunu Rusiya Prezdintinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bu variantı kompromis kimi qiymətləndirib.
D.Peskov Ukrayna ilə mümkün kompromisin İsveç versiyasından danışmayıb.
“Mən təfərrüatlara varmamağa üstünlük verirəm. Bir daha qeyd etmək istəyirəm ki, davam edən danışıqlar kontekstində bu mövzunun hər hansı əlavə təfərrüatı mümkün deyil”, – deyə o, fikrini izah edib.
Ukraynada 2 media nümayəndəsi həlak olub
Ukraynada “Fox News” telekanalının operatoru Pierre Zakrjewski öldürülüb.
Bu barədə “Euronews” Amerika televiziya şəbəkəsinə istinadən məlumat yayıb.
“Sərhədsiz Reportyorlar”ın məlumatına görə, “Fox News” komandası ilə işləyən ukraynalı jurnalist Oleksandra Kuvşinova da hücumda ölüb.
“Paramount Global” Ukraynaya 1 milyon dollar ianə edib
“Paramount Global” şirkəti Ukraynaya bir milyon dollar humanitar yardım edib.
Bu haqda şirkətin baş direktoru Robert Bakiş məlumat verib.
O bildirib ki, şirkət Rusiyada bütün istiqamətlərdə fəaliyyətini dayandıracaq.
Daha öncə “Paramount Pictures” kinostudiyası Rusiya prikatında “The Lost City” və “Sonic the Hedgehog 2” filmlərinin nümayişini dayandırmışdı.
“Digər fəaliyyət sahələrinin də dayandırılması mövcud müqavilə və texniki məsələlərə görə yubaynır”,- Bakiş deyib.
“Bir çoxlarınız kimi mən də Ukraynanın dağıdıcı, səbəbsiz işğalını diqqətlə izləyirəm. Nəticədə, baş verən humanitar böhranın Ukraynada, Şərqi Avropada və Rusiyanın özündə milyonlarla insanın həyatına vurduğu ziyanın şahidi olmaq ürək ağrıdır”, – deyə o vurğulayıb.
“Real” “Hamı Ukrayna ilə birlikdə” kampaniyasına qoşulub
İspaniyanın “Real” klubu ukraynalılara bir milyon avro bağışlayıb.
Bu barədə klub özü məlumat yayıb.
Bildirilir ki, klub “Real Madrid” fondunun martın 5-də başlatdığı “Hamı Ukrayna ilə birlikdə” kampaniyasına qoşulub. “Real” futbol klubu ukraynalıların ehtiyaclarını yüngülləşdirməyə kömək məqsədiylə bir milyon avro ödəyib.
Bundan başqa, fond Ukraynadan çıxan qaçqınlar üçün 13 mindən çox isti idman geyimi bağışlayıb.
Ukrayna “Roskosmos”un baş direktorunu ittiham edir
Ukrayna Baş Prokurorluğu Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) baş direktoru Dmitri Roqozinə qarşı ittiham irəli sürüb.
Baş prokuror İrina Venediktova Roqozini Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə, həmçinin hərbi müdaxiləyə şərik olmaqda ittiham edib.
“Roskosmos”un baş direktoru daha öncə Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlara dəstək olduğunu bildirmişdi.
BMT: “Ukraynanı 3 milyon insan tərk edib”
Ukraynanı tərk edənlərin sayı 3 milyona çatıb.
Bu barədə martln 15-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.
Təşkilat gerçək vəziyyətin göstərilən rəqəmdən daha çox olduğunu bildirib:
“Biz ev sahibi olan ölkələrin təqdim etdiyi məlumatlara əsaslanırıq ki, onlar da həmişə tam və vaxtında olmur”.
Təşkilat qaçqınların 1.4 milyonunun uşaq olduğunu qeyd edib.
“Kompromis əldə etmək üçün müəyyən ümid var”
“Ukrayna ilə danışıqlar yaxşı getmir, lakin kompromis üçün müəyyən ümidlər var”.
Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov RBC kanalına müsahibəsində söyləyib.
“Mən danışıqları aparanların verdiyi qiymətləri rəhbər tuturam. Onlar bəyan edirlər ki, danışıqlar məlum səbəblərə görə yaxşı getmir, lakin buna baxmayaraq, kompromis əldə etmək üçün müəyyən ümid var”, – Lavrov bildirib.
Medinski: “Sülhə tezliklə nail olmağa çalışırıq”
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski isə Ukrayna ilə danışıqların ağır və ləng getdiyini bildirib.
O, Rusiyanın səmimi şəkildə sülhə tezliklə nail olmağa çalışdığını vurğulayıb.
“Bizim əsas vəzifəmiz çoxlu sayda mürəkkəb məsələlər arasında razılaşa biləcəyiniz məqamları tapmaq, onlara arxalanmaqdır. Ardınca, bunları gündəmə gətirmək və beləliklə, tədricən, addım-addım nəticəyə doğru irəliləməkdir”, – deyə Vladimir Medinski söyləyib.
ABŞ Senatı Putini “hərbi cinayətkar” adlandırdı
ABŞ Senatı Rusiya Prezidentini hərbi cinayətkar adlandıran qətnamə qəbul edib
Respublikaçıların təşəbbüsüylə 20-dən çox senator tərəfindən təqdim edilən qətnamə yekdilliklə qəbul edilib.
Qətnamədə Vladimir Putinin Ukraynaya qarşı törətdiyi hərbi cinayətlərə görə təhqiqat aparılması qeyd olunub.
Qeyd olunur ki, Senat Vladimir Putinin rəhbərliyi altında Rusiya silahlı qüvvələrinin törətdiyi “zorakılıq, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətləri” qəti şəkildə pisləyir.
Senat beynəlxalq cinayət məhkəmələrini Putini, Rusiya Təhlükəsizlik Şurasını və hərbi rəhbərləri mümkün hərbi cinayətlərə görə araşdırmaya çağırır.
Avropa Şurası Rusiyanın təşkilatdan çıxarılmasını tələb edən layihəni qəbul etdi
Avropa Şurası Parlament Assambleyası Rusiyanın təşkilatdan dərhal çıxarılmasını tələb edən layihəsini yekdilliklə qəbul edib.
Assambleyanın yaydığı məlumatda deyilir ki, Rusiya təşkilatın nizamnaməsini kobud şəkildə pozub. Bundan sonra bu ölkə Avropa Şurasının üzvü ola bilməz: “Həmçinin şura qarşısında öhdəliklərini yerinə yetirmir”.
Assambleyanın 216 nümayəndəsi layihənin lehinə səs verib, üçü isə bitərəf qalıb. Heç kim əleyhinə səs verməyib.
Rusiya Ukraynanın hərbi anbarını məhv etdiyini deyir
Rusiya Ukraynanın hərbi anbarını məhv etdiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Çerniqov vilayətində sursat anbarlarının, silah-sursat və hərbi texnikanın məhv edildiyini bildirib.
Nazirlik bildirib ki, Silahlı Qüvvələrin artilleriya bölməsi atəş tapşırığını yerinə yetirərkən dəqiq zərbə ilə raket və artilleriya silahlarının birləşmiş anbarını və 20-dək hərbi texnika və silahı məhv edib.
“Forbes” jurnalı Rusiyanı qismən və ya tamamilə tərk edən şirkətlərin ölkədə 200 mindən çox insanı işlə təmin etdiyini hesablayıb.
10 mindən çox rusiyalı turist ölkəyə qayıda bilməyəcəyini bildirib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Mənbə: Meydan TV