UNEC məzunları

UNEC məzunlarının məşğulluq göstəricilərinə əsasən, maaşların yarıdan çoxu 400 manatdan aşağıdır.

2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məzun olanların məşğulluq vəziyyəti ilə bağlı yeni statistika açıqlanıb.

“Yeniavaz” xəbər verir ki, məlumat Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi “Məzunların məşğulluq reytinqi” hesabatında yer alıb. Hesabata əsasən, ötən il UNEC-dən ümumilikdə 2 049 nəfər məzun olub.

Statistikaya görə, məzunların 73,5 faizi, yəni 1 505 nəfəri məzun olduqdan sonra iş tapa bilib. Lakin əmək bazarına daxil olan gənclərin gəlir göstəriciləri diqqət çəkir.

Belə ki, işlə təmin olunan məzunların 52 faizi (783 nəfər) 400 manatdan aşağı əməkhaqqı alır. 15,6 faiz (235 nəfər) isə 401-500 manat aralığında maaş əldə edir. Yüksək maaş alanların sayı isə olduqca azdır – cəmi 4 nəfər (0,3 faiz) 1 401-1 550 manat aralığında gəlir əldə edir.

Hesabatda həmçinin UNEC məzunlarını ən çox işlə təmin edən qurumların siyahısı da yer alıb. Bu siyahıya Kapital Bank (37 nəfər), Araz Supermarket (26 nəfər), McDonald’s (17 nəfər) və AZZA (11 nəfər) rəhbərlik edir.

Məlumatlar göstərir ki, UNEC məzunlarının əksəriyyəti iş tapmaqda çətinlik çəkməsə də, əməkhaqqı səviyyəsi əsas problemlərdən biri olaraq qalır.

Leave A Reply