Qarabağ danışıqları üzrə məxfi sənədlərində başqa nələr var?

31 yanvarda xəbər vermişdik ki, ABŞ Dövlət Departamenti Qarabağ danışıqları üzrə bəzi məxfi sənədləri ictimailəşdirib. Bu sənədlərə əsasən, Heydər Əliyev və Robert Koçaryan 1999-cu ildə Sədərəkdə keçirilən görüşərək Dağlıq Qarabağı dəyişdirməyə razılaşıblar.

Məxfiliyi qaldırılan sənədlərdə başqa maraqlı məqamlar da üzə çıxıb.

Sədərəkdəki görüşdən bir neçə həftə sonra, 1999-cu ilin noyabrında Heydər Əliyev Vaşinqtona nümayəndə heyəti göndərib. Heyətin tərkibində hazırkı prezident İlham Əliyev və baş nazir Artur Rasizadə də olub.

ABŞ dövlət katibinin müavini Strobe Talbott ilə görüşlərinin stenoqramından aydın olur ki, onlar Vaşinqtona xüsusi olaraq ərazilərin mübadiləsini müzakirə etmək üçün gəliblər:

“Əliyev və Rasizadə Beynəlxalq Valyuta Fondu və Dünya Bankında müsbət görüşlər keçirdiklərini və hər iki təşkilatın Ermənistan və Azərbaycan arasında sülh sazişinin həyata keçirilməsini dəstəkləməkdə irəliləməyə hazır olduqlarını bildirdilər”.

Səfər çərçivəsində İlham Əliyev ABŞ tərəfini əmin edib ki, Azərbaycan bu məsələni tez bir zamanda başa çatdırmaq istəyir. O şikayət edib ki, müxalifətin yaydığı şayiələr və şübhələr onların mövqelərini zəiflədir:

“Əliyev bildirdi ki, Azərbaycan xalqı getdikcə narahat olur. Onlar nələrinsə baş verdiyini bilirlər, lakin təfərrüatlarını bilmirlər. Müxalifət isə vəziyyətlə bağlı spekulyasiyalar yayır”.

İlham Əliyev deyib ki, Ermənistan tərəfi Moskvanın göstərişi ilə prosesi ləngitməyə başlayıb. Lakin ABŞ dövlət katibinin müavini ləngimənin səbəbinin Ermənistandakı daxili siyasi vəziyyət olduğunu bildirib. Onun sözlərinə görə, oktyabrın 27-də baş vermiş terror aktından sonra Robert Köçəryana dəstək toplamaq və cəsarətli qərarlar qəbul etmək üçün vaxt lazımdır.

İlham Əliyev bunu anlayışla qarşıladığı bildirib:

“Əliyev qeyd etdi ki, o, Qarabağ ermənisi Köçəryanın Meqri bölgəsindən imtina etməsinin nə qədər çətin olduğunu başa düşür”.

Leave A Reply