22 məhbusun birlik çağırışı
Azərbaycanın müxtəlif həbsxana və istintaq təcridxanalarında saxlanılan 22 siyasi məhbus birgə bəyanat yayaraq birliyə çağırıb. Toplum TV-nin dərc etdiyi bəyanat “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq hazırlanıb.
“Əliyev rejimi ölkəni “həbs qəbiristanlığına” çevirib”, - bəyanatda deyilir. Müəlliflər hakimiyyətin təkcə ölkə daxilində yox, xaricdəki fəallara və jurnalistlərə də təzyiq göstərdiyini, “siyasi genosidin” genişləndiyini iddia edir. Bəyanatda ölkədə 300-dən çox siyasi məhbus olduğu xatırladılır.
Bəyanat müəllifləri demokratikləşməni istəyən təşkilatları, ziyalıları, jurnalistləri, ölkə daxilində və mühacirətdəki fəalları səylərini birləşdirməyə çağırır. Onlar Belarus müxalifətinin liderlərindən Svetlana Tixanovskayanın və Venesuela müxalifətçisi Mariya Korina Maçadonun beynəlxalq fəaliyyət təcrübələrindən yararlanmağı təklif edir.
Bəyanatı Natiq Cavadlı, Ramin Deko, Şəmşad Ağa, Məmməd Məmmədzadə, Rüfət Səfərov, Aynur Elgünəş, Yaşar Ağazadə, Ülviyyə Əli, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, İmran Əliyev, Ruslan İzzətli, Bəhruz Səmədov, Fatimə Mövlamlı, Əli Zeynal, Nurlan Qəhrəmanlı, Fərid İsmayılov, Ramil Babayev, Əhməd Muxtar, İqbal Əbilov və Afiəddin Məmmədov imzalayıb.


