“Salixat” rəflərdən itib

Dağıstanlı qızın məcburi evliliyindən bəhs edən “Salixat” romanı Rusiyada satışdan yığışdırılıb. “OC Media”nın yazdığına görə, kitab AST nəşriyyatının, “Çitay-Qorod” mağazalar şəbəkəsinin, “LitRes”, “Yandex Kitablar” kimi elektron xidmətlərin, “Wildberries” və “Labirint” platformalarının saytlarından götürülüb.

Müstəqil “Verstka” nəşrinin məlumatına görə, kitab satıcılarından biri “Rusiya qanunlarının tələblərinə əməl etmək üçün” satışı dayandırmağı tələb edən məktub alıb. Məktubu kimin göndərdiyi və hüquqi əsası bilinmir. Kitab Rusiyanın ekstremist materiallar siyahısında deyil, ayrı-ayrı nüsxələr “Ozon”da hələ satılır. “OC Media” müəllif Yeletskayadan münasibət soruşub, cavab almayıb.

Satışdan götürülmə Rusiya Yazıçılar İttifaqının Dağıstan bölməsinin rəhbəri Miasat Muslimovanın şikayətlərindən sonra baş verə bilər. Muslimova 2026-cı ilin aprelində romanı “dağıstanlılara dəhşətli böhtan” adlandırıb, müəllifi millətlərarası nifrət salmaqda ittiham edib, İstintaq Komitəsinə və Baş Prokurorluğa müraciət edib. Onun sözlərinə görə, kitab Dağıstanı qətllərin adi olduğu qanunsuz ərazi kimi göstərir, qadınlara zorakılığı yerli ənənə kimi təqdim edir.

AST nəşriyyatının 2021-ci ildə buraxdığı roman 2020-ci ildə “İlin Əlyazması” mükafatının qısa siyahısına düşüb. Əsərin baş qəhrəmanı, 16 yaşlı Salixatı atası dul kişiyə ərə verir, yeni evdə fiziki və psixoloji zorakılığa məruz qalır.

Leave A Reply