Gürcüstanda qrant qaydaları
Oktyabrın əvvəlində Almaniyanın iki siyasi fondu layihə müraciətlərinin rədd edilməsindən sonra Gürcüstandakı fəaliyyətini dayandırdığını açıqlayıb. Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının (GYLA) 2023-2025-ci illərdəki sədri Nona Kurdovanidze ölkədə tətbiq olunan qrant təsdiqi mexanizminin nəticələrini təhlil edib.
Civil.ge yazır ki, 2025 və 2026-cı illərdə “Qrantlar haqqında” qanuna edilən dəyişikliklərə görə, xarici donorlar vəsait ayırmazdan əvvəl hökumətdən razılıq almalıdır. 2026-cı il dəyişiklikləri qrant anlayışını genişləndirərək bilik və texnologiya mübadiləsini, eləcə də digər yardımları da bu qaydaya daxil edib. Tələbləri pozanlar üçün cinayət məsuliyyəti və təşkilatların ləğvi nəzərdə tutulur.
Rəsmi məlumatlara görə, 2025-ci ilin iyulundan 2026-cı ilin sentyabrınadək Gürcüstan hakimiyyəti yeni mexanizm üzrə 382 layihəni təsdiqləyib, 39 layihəni isə rədd edib. Təsdiqlənən layihələrdən 300-ü Gürcüstanda qeydiyyatdan keçmiş QHT-lər tərəfindən icra olunur. Digər layihələr isə MMC-lər, fərdlər, dini icmalar və xarici qurumların yerli filialları arasında bölüşdürülüb.
Kurdovanidzenin hesablamasına görə, 300 layihəni təxminən 150 QHT həyata keçirir. 2026-cı il üzrə ölkədə qeydiyyatda olan 34 360 qeyri-kommersiya təşkilatından yalnız 3 611-i aktiv statusdadır. Bunların da təxminən 1 500-ü teatr, muzey və uşaq bağçası kimi dövlət strukturlarıdır. Nəticədə layihəsi təsdiqlənən QHT-lər aktiv təşkilatların yalnız 7 faizini təşkil edir.
Hüquq müdafiəçisi qeyd edir ki, təsdiqlənən layihələr sosial sahələri əhatə etsə də, siyahıda insan hüquqlarının müdafiəsi, vəkillik, yaxşı idarəçilik və qanunun aliliyi kimi istiqamətlər yoxdur. Bir sıra müstəqil təşkilatlar isə bu mexanizmi müstəqilliyə müdaxilə sayaraq hökumətə müraciət etməkdən imtina edib.
Kurdovanidzenin fikrincə, hökumətin razılıq mexanizmi vətəndaş cəmiyyətinin fəaliyyət sahəsini daraltmağa və təşkilatların müstəqil iş məkanını məhdudlaşdırmağa yönəlib.


