Ukraynada humanitar əməliyyat
Ukraynanın cənubunda, Rusiyanın nəzarətində olan Oleşki şəhərindən dinc sakinlərin təxliyəsinə başlanılıb. Dnepr çayının sol sahilində, Xersonun qarşı tərəfində yerləşən şəhərə 25 avtobus və təcili yardım maşınından ibarət humanitar karvan ərzaq və tibbi ləvazimatlar çatdırıb.
The Guardian yazır ki, aylardır ciddi ərzaq və dərman çatışmazlığı ilə üzləşən şəhərdə 50-yə yaxını uşaq olmaqla təxminən 2 min nəfərin qaldığı bildirilir. Təxliyə prosesi Xerson vilayətində əldə olunan lokal atəşkəs və yolların minadan təmizlənməsi nəticəsində mümkün olub.
Ukrayna tərəfinin nəzarət etdiyi ərazilər Oleşkidən cəmi 5 kilometr məsafədə yerləşsə də, təxliyə olunanlar Rusiyanın Anapa şəhərinə, oradan təyyarə ilə Belarusa, daha sonra isə avtobusla Ukraynanın Çerniqov vilayətinə aparılacaq. Ukrayna nümayəndə heyətinin tərkibində olan deputat David Araxamiya insanların Anapaya doğru hərəkət etdiyini təsdiqləyib.
Əməliyyat Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets və Rusiyanın nümayəndəsi Yana Lantratova tərəfindən koordinasiya olunub. Lubinets bildirib ki, 2022-ci ildən bəri ilk dəfə cəbhə xəttinin bu dərəcədə geniş hissəsində atəşkəs təmin olunub. Məlumatlara görə, əsasən yaşlılardan ibarət bir neçə yüz sakin isə şəhərdə qalmağa qərar verib.
ABŞ-ın birinci xanımı Melaniya Tramp ərazidə atəşkəsin əldə olunmasına vasitəçilik etdiyini bildirsə də, Kreml bunu daha geniş sülh danışıqlarına tətbiqi çətin olan xüsusi bir hal kimi qiymətləndirib.


