Süni intellekt və biznes

Google-un ana şirkəti Alphabet cümə axşamı günü bazar dəyərində 500 milyard dollardan çox itki verib. Buna səbəb şirkətin tətbiq etdiyi süni intellekt xülasələrinin ənənəvi axtarış reklamlarından əldə olunan gəlirlərə mənfi təsir göstərdiyinin açıqlanması olub.

BBC xəbər verir ki, şirkətin biznes üzrə baş direktoru Philipp Schindler bildirib ki, sualları dialoq şəklində cavablandıran “AI mode” ənənəvi axtarış nəticələrinin yanında çıxan reklamlardan qazanılan vəsaitin azalmasına gətirib çıxarır. Buna baxmayaraq, Schindler süni intellektə yönəlmiş axtarış sisteminin gedişatından razı olduğunu qeyd edib.

Çərşənbə günü yayımlanan maliyyə hesabatına əsasən, Alphabet-in ümumi gəliri sentyabrın sonuna qədər olan üç ayda 25 faiz artaraq 127.6 milyard dollara çatıb. Lakin xüsusilə reklam bölməsində gəlirlər analitiklərin proqnozlarından aşağı olub və nəticədə şirkətin səhmləri 12 faizdən çox ucuzlaşaraq son altı ayın ən aşağı səviyyəsinə düşüb. Beləliklə, şirkətin birja dəyəri 3.97 trilyon dollardan 3.46 trilyon dollara enib.

Digər texnologiya nəhəngi Amazon da süni intellekt xərcləri səbəbindən investorların narahatlığı ilə üzləşib. Şirkətin rüblük satışları 11 faiz artaraq 201 milyard dollar təşkil etsə də, nağd pul axını mənfi 42 milyard dollar olub və səhmləri birja bağlandıqdan sonrakı ticarətdə 6 faiz ucuzlaşıb. Amazon-un rəhbəri Andy Jassy xərclərin gələcəkdə böyük gəlir gətirəcək sahələrə yönəldiyini vurğulayıb.

Süni intellekt yarışında olan Microsoft-da isə vəziyyət nisbətən sabit qalıb və səhmlər 1 faizdən az geriləyib. Süni intellekt investisiyalarını təxminən 5 milyard dollar azaldan şirkətin rüblük gəliri 19 faiz artaraq 92.3 milyard dollara, bulud xidmətləri gəliri isə 30 faiz artaraq 63 milyard dollara çatıb.

Leave A Reply