Rusiya-Ukrayna müharibəsi
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi zamanı həlak olan 285 023 rusiyalı hərbçinin şəxsiyyəti açıq mənbələr vasitəsilə təsdiqlənib. Müharibə dövründə ən böyük itkiləri Rusiya ordusunun motoatıcı briqadaları verib.
BBC Rus xidməti xəbər verir ki, “Mediazona” nəşri və könüllülər komandası ilə birgə aparılan araşdırmaya görə, oktyabrın ortalarına olan məlumata əsasən siyahıdakı 149 701 nəfərin xidmət etdiyi hərbi hissə dəqiqləşdirilib. Təsdiqlənmiş itki sayına görə ilk beş yerdə qərarlaşan motoatıcı briqadalar birlikdə 15 312 nəfər itirib.
BBC Rus xidməti yazır ki, siyahının birinci pilləsində “Qara qusarlar” kimi tanınan 15-ci motoatıcı briqada yer alır. Jurnalist araşdırmaları bu briqadadakı ölümlərin təkcə döyüşlərlə deyil, həm də komandirlərin özbaşınalığı, işgəncələr və hərbçilərdən pul tələb edilməsi ilə bağlı olduğunu üzə çıxarıb. İkinci yerdə isə Samara vilayətində yerləşən 30-cu motoatıcı briqada gəlir.
Mənbə qeyd edir ki, motoatıcı birliklər ən ağır itkilərini 2023-cü ilin sonlarından etibarən verməyə başlayıb. Həmin dövrə qədər əsas hücum əməliyyatlarını “Vaqner” muzdlu hərbi şirkəti aparırdı. Sonradan Rusiya ordusu da onların kiçik piyada qrupları ilə mövqe müəyyənləşdirmək taktikasını mənimsəyib və itkiləri yeni müqaviləli könüllülər hesabına bərpa edib.
BBC Rus xidməti bildirir ki, 30-cu briqadada həlak olanların ən azı 41 faizini məhz könüllülər təşkil edib. Məsələn, borclarına görə 2023-cü ilin sonunda müqavilə imzalayan 28 yaşlı Timofey Fedotov Avdeyevka istiqamətində əsir düşüb, sonra dəyişdirilərək geri qaytarılsa da, yenidən cəbhəyə göndərilib və 2026-cı ilin avqustunda həlak olub. Ümumilikdə əsirlikdən qayıtdıqdan sonra yenidən döyüşə göndərilib ölən 152 nəfərin adı təsdiqlənib.
Araşdırmada bildirilir ki, ən çox itki verən ilk on hərbi hissə sırasına iki dəniz piyadası briqadası və iki hava-desant diviziyası da daxildir. Həmçinin 74-cü və 9-cu motoatıcı briqadalar da Avdeyevka ətrafında, eləcə də Berdıçi və Nyu-York yaşayış məntəqələri uğrunda döyüşlərdə çox sayda hərbçi itirib.
Hərbi ekspertlərin qiymətləndirməsinə görə, qəbiristanlıqlar və nekroloqlara əsaslanan təhlil real ölümlərin yalnız 45-55 faizini əhatə edə bilir. BBC Rus xidməti qeyd edir ki, bu hesablamalara əsasən, Rusiya tərəfindən həlak olanların faktiki sayı 518 224 ilə 633 384 nəfər arasında ola bilər.
BBC Rus xidməti əlavə edir ki, separatçı “DNR” və “LNR” qüvvələrinin 2022-ci ilin sonunadək verdiyi təxminən 21 000 – 23 500 nəfərlik itkilər və Kursk vilayətində həlak olmuş 2 304 Şimali Koreya əsgəri də nəzərə alındıqda, ümumi rəqəm 541 528 ilə 659 188 nəfər aralığına yüksəlir.
Ukrayna tərəfindən isə Prezident Volodimir Zelenski 2026-cı ilin iyulunda təxminən 50 min hərbçinin öldüyünü bildirmişdi. Lakin açıq mənbələrlə işləyən “Ukraine losses” saytı 115 952 nəfərin ölümünü təsdiqləyib və itkin düşənlərlə birlikdə Ukraynanın itkilərinin 234 573 nəfərə çata biləcəyini qeyd edir.


