Hərbi yardım

Birləşmiş Ştatlar Rusiyanın artan hava hücumlarından qorunması məqsədilə Ukraynaya 500 ədəd “Patriot” raketinin satışını təsdiqləyib. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski bu sursatların çatdırılmasının bir neçə il çəkə biləcəyi barədə xəbərdarlıq edib.

BBC xəbər verir ki, ABŞ Dövlət Departamenti PAC-3 tipli raketlərin ümumi qiymətinin 2,1 milyard dollar təşkil etdiyini bildirib. Saziş tam şəkildə Kiyevin Avropadakı müttəfiqləri və Kanada tərəfindən maliyyələşdiriləcək. Satınalma Kanada, Almaniya və Norveçin vəsaitləri, eləcə də Avropa İttifaqının Ukraynaya Dəstək Krediti hesabına ödəniləcək. Əsas podratçı Amerikanın “Lockheed Martin” şirkətidir və prosesdə ABŞ-nin maliyyə vəsaitindən istifadə olunmur.

Zelenski açıqlamasında bu qərarı alqışlasa da, Ukraynanın raketlərə dərhal ehtiyac duyduğunu söyləyib. O, Rusiyanın qış ərəfəsində enerji infrastrukturuna hücumlarını gücləndirdiyini və son iki həftə ərzində ölkənin enerji şəbəkəsinə 30-dan çox zərbə endirildiyini qeyd edib.

BBC yazır ki, bu addım Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasındakı gərginlikdən sonra atılıb. Rusiya dizelini təmin etmək məqsədilə ABŞ Moskvaya qarşı bəzi sanksiyaları yumşaldanda Tramp Ukraynada yeni bir liderin hakimiyyətə gəlməsinin vaxtı çatdığını demişdi. İki tərəf arasında gərginlik oktyabrın 20-də Osloda aparılan danışıqlardan sonra səngiyib.

Digər tərəfdən, Atlantada ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi G20 toplantısında avropalı diplomatlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakına etiraz edərək birgə foto çəkdirməkdən boyun qaçırıblar. Britaniyanın xarici işlər naziri Ed Miliband Lavrova xitab edərək müharibədə əsl təcavüzkarın kim olduğunu hamının bildiyini deyib.

Sifarişin yeni istehsal olunacaq raketlərə aid olması səbəbindən Ukraynaya tezliklə çatdırılma gözlənilmir. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, il ərzində cəmi 600 raket istehsal edilir. Həmçinin ABŞ-nin İranla müharibədə bu sursatlardan istifadə etməsi dünyada “Patriot” qıtlığına səbəb olub.

Leave A Reply