Məhbus hüquqları
1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan və hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Yavər İsmayılzadənin işgəncəyə məruz qaldığı və intihara cəhd etdiyi bildirilir.
Meydan TV xəbər verir ki, məhbus ailələrinin verdiyi məlumata görə, Şəmkir rayon sakini olan İsmayılzadə hicablı şagirdlərin məktəbə buraxılmamasına etiraz əlaməti olaraq oktyabrın 14-dən aclıq aksiyası keçirir.
Məlumata əsasən, o, aksiyanın ilk günündən cərimə kamerasına salınıb və aclığı dayandırması üçün təzyiqlərlə üzləşib. Məhbusun aksiyanı dayandırmayacağı təqdirdə Umbakı həbsxanasına köçürüləcəyi və cəzasının artırılacağı ilə hədələndiyi iddia olunur.
Yayılan xəbərlərdə İsmayılzadənin son günlərdə iki dəfə döyüldüyü və hər iki zorakılıqdan sonra özünə xəsarət yetirdiyi qeyd edilir. Sonuncu hadisənin oktyabrın 30-da baş verdiyi, tələbləri qəbul etmədiyi üçün döyülən məhbusun buna etiraz olaraq özünə ağır xəsarət yetirdiyi bildirilir. Müəssisə əməkdaşlarının digər məhbuslara onun vəziyyətinin ağır olduğunu dedikləri, lakin ailəsinə heç bir məlumat verilmədiyi iddia edilir.
İşgəncə və özünə xəsarət yetirmə iddiaları rəsmi qaydada təsdiqlənməyib. Məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyi hələlik açıqlanmayıb.
“Müsəlman Birliyi Hərəkatı”nın üzvü Yavər İsmayılzadə ilk dəfə 2018-ci il Gəncə hadisələrindən sonra həbs olunub və 2022-ci ilin mayında əfv sərəncamı ilə azadlığa buraxılıb. O, 2023-cü ilin martında narkotik ittihamı ilə yenidən saxlanılaraq əvvəlki cəzasının qalan hissəsi ilə birlikdə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İsmayılzadə irəli sürülən ittihamları rədd edir, hüquq müdafiəçiləri isə onun həbsini siyasi motivli sayırlar.


