Məhkəmə qərarı

Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanındakı siqaret qaçaqmalçılığı işi üzrə mühakimə olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev həbsdən çıxarılıb.

Qafqazinfo xəbər verir ki, təqsirləndirilən şəxs elə ilk məhkəmə iclasında ev dustaqlığına buraxılıb. Limandakı hadisədən sonra ölkədən gedən gömrükçü bir il beynəlxalq axtarışda olub və bir ay əvvəl Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda vəkil müvəkkilinin istintaqdan yayınma ehtimalı olmadığını bildirərək onun sərbəst mühakimə olunmasını istəyib və məhkəmə vəsatəti təmin edib.

İttihama əsasən, Ənvər Tağıyev Bakı Hövsan Limanının sahibi Ruslan Eyyubov, baş direktor Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov və digər şəxslərlə əlbir olub aksiz markası olmayan tütün məmulatlarının gəmi ilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradıb. Həmin şəxslərin məhkəmə prosesi ayrı icraatda davam edir və onlar da bir müddət əvvəl ev dustaqlığına buraxılıblar.

İttiham aktında göstərilir ki, Ənvər Tağıyev “Bayandur” gəmisi ilə qaçaqmal siqaret gətirilən vaxt növbədə olub və həmin gecə baş direktor Rəşad Daşdəmirovun otağına gedərək yüklə dolu gəminin sahilə yan alması barədə məlumat verib.

Ənvər Tağıyev isə ittihamları qəbul etmir və özünü təqsirli saymır: “Orada Hövsan limanı və hövsan gömrük postu var. Gömrük postu limanın rejim ərazisindən kənardır. Mən də postdakı əməliyyatçılardan idim, nə tapşırıq verilibsə, onu yerinə yetirmişəm. “Bayandur” gəmisi və onun yükü barədə isə ümumiyyətlə, məlumatım olmayıb. Hamı kimi bir neçə saat sonra bildim ki, gəmi saxlanılıb”.

Təqsirləndirilən şəxs dindirmə zamanı postdakı təhlükəsizlik boşluqları barədə əvvəllər rəhbərliyə məruzə etdiyini deyib: “Hər dəfə məruzə edirdim ki, Hövsan postunda boşluqlar var. Kameralar yoxdur, təhlükəsizlik zəifdir. Gələcəkdə orada qarşısıalınmaz hadisələr ola biləcəyini demişdim. Amma mən işdən çıxandan sonra verdiyim arayışların hamısını məhvetməyə yollayıblar”.

5 milyonluq siqaret qaçaqmalçılığı üzrə cinayət işinin istintaqını Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb. İş üzrə gömrükçü, hərbçi və vəzifəli şəxslər daxil olmaqla onlarla insan məsuliyyətə cəlb edilsə də, hələlik heç bir şəxs barəsində hökm çıxarılmayıb.

Leave A Reply