Şəkidə insident

Şəki rayonunun Oxud kəndində icra nümayəndəsi ilə bələdiyyə sədri arasında dava düşüb və nəticədə bələdiyyə sədri xəsarət alıb.

Qafqazinfo xəbər verir ki, hadisə toydan əvvəl keçirilən “Ciyər axşamı” məclisində qeydə alınıb. Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov həmin kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib.

Məlumata görə, sərxoş halda olan icra nümayəndəsi uca səslə atmacalı sözlər işlədib. Bələdiyyə sədri isə onun bu hərəkətlərinə etiraz edərək iradını bildirib.

Bundan qəzəblənən Oruc Əhmədov masanın üstündə olan şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Başına xəsarət yetirilən bələdiyyə sədri tibb müəssisəsinə müraciət edib və başına tikiş qoyulub.

Həmçinin bildirilir ki, Oruc Əhmədovun qaynı Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyir.

Faktla əlaqədar Şəki Rayon Polis İdarəsində araşdırma aparılır.

Leave A Reply