Gürcüstanda məhkəmə prosesi

Gürcüstanın Konstitusiya Məhkəməsi parlamentdəki hakim çoxluğun beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə irəli sürdüyü iddia üzrə dinləmələrə başlayıb. İddia Vahid Milli Hərəkat, Dəyişiklik naminə Koalisiya, Lelo/Güclü Gürcüstan, Federalistlər və keçmiş baş nazir Giorgi Qaxariyanın Gürcüstan Naminə partiyalarına qarşı yönəlib.

Civil.ge xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasını təmsil edən 88 deputatın imzaladığı iddia ərizəsində müxalifət qrupları konstitusiyaya zidd məqsədlər güdməkdə, seçilmiş hakimiyyətin legitimliyini sarsıtmaqda və ölkədə sabitliyi pozmağa cəhddə ittiham olunur. Məhkəmə işi oktyabr ayında mahiyyəti üzrə baxılmaq üçün qəbul edib və qərar çıxarmaq üçün 2027-ci ilin iyun ayına qədər vaxtı var.

Bu məhkəmə prosesi beynəlxalq qurumların və tərəfdaşların tənqidinə səbəb olub. Avropa Parlamenti qəbul etdiyi qətnamədə “Gürcü Arzusu”nun iddiasını dərhal geri götürməsini tələb edib. Qətnamədə qeyd olunur ki, bu addım legitim siyasi müxalifətin sıradan çıxarılması və ölkənin təkpartiyalı rejimə çevrilməsi məqsədi daşıyır.

Avropa Parlamentinin üzvləri Devid Makallister, Nils Uşakovs və Rasa Yukneviçienenin birgə bəyanatında bildirilir ki, siyasi rəqiblərini qadağan etmək istəyən bir hökumət Avropa İttifaqı ilə dialoq üçün etibarlı tərəfdaş kimi çıxış edə bilməz. Deputatlar hakim partiyanın 2024-cü ilin noyabrında Aİ-yə inteqrasiya prosesini dayandırdığını və tövsiyələrə repressiv qanunlarla cavab verdiyini vurğulayıblar.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin həmməruzəçiləri də narahatlıqlarını ifadə edərək, partiyaların qadağan edilməsinin minlərlə vətəndaşı yerli demokratiyada iştirak hüququndan məhrum edəcəyini və bələdiyyələrdə siyasi plüralizmi faktiki olaraq aradan qaldıracağını bildiriblər.

Avropa Şurasının Baş katibi Alen Berse hakim çoxluğu siyasi plüralizmi qorumağa çağırıb. Berse bəyan edib ki, hakimiyyəti üzərindəki demokratik nəzarət mexanizmlərini ləğv etməyə çalışan hakim partiya xidmət etdiyi ölkəni zəiflədir.

Avropa Komissiyasının sözçüsü Kristian Viqand məhkəmə prosesinin və qanunvericilik dəyişikliklərinin ədliyyə sistemindən sui-istifadə edildiyini göstərdiyini deyib. Viqand Gürcüstan hakimiyyətini əsassız həbs olunan siyasətçiləri, jurnalistləri və fəalları azad etməyə, həmçinin repressiv qanunları ləğv etməyə çağırıb.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Qudrun Kuqler siyasi rəqabətin məhkəmələr vasitəsilə deyil, seçki qutusu arxasında həll edilməli olduğunu vurğulayaraq hakimiyyəti iddianı geri çəkməyə və siyasi motivli təqibləri dayandırmağa səsləyib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Qara dəniz əməkdaşlığı üzrə direktoru Niklas Vaqner də narahatlığını bildirərək plüralizmin Aİ-yə üzvlük üçün əsas şərt olduğunu qeyd edib. ALDE Partiyası və Norveç Helsinki Komitəsi də bəyanatlar yayaraq hakimiyyətin müxalifəti sıradan çıxarmaq cəhdlərini pisləyiblər.

Leave A Reply