Yol qəzaları

Azərbaycan yollarında baş verən iki ayrı yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə üç nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA xəbər verir ki, ölümlə nəticələnən qəzalardan biri Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil qoşqulu yük maşınına toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində sürücü Ələkbər Həsənov və onun həmkəndlisi, 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində vəfat ediblər.

Digər ağır yol qəzası isə gecə saatlarında Şəki rayonunda baş verib.

AZƏRTAC xəbər verir ki, Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili sərt döngədə idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə zamanı nəqliyyat vasitəsində olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə aldığı xəsarətlərdən yerindəcə həyatını itirib.

Avtomobildəki digər sərnişinlər – Şamaxı sakini 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy sakini 25 yaşlı Ruhin Əliyev və Mingəçevir sakini 40 yaşlı Surxan Hüseynov xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onların müalicəsi davam etdirilir.

Leave A Reply