Qida zəhərlənməsi
Qax rayonunda meşəlik ərazidən yığılmış yabanı göbələkləri yeyən 7 nəfər zəhərlənib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, ilkin araşdırma nəticəsində zəhərlənmənin yabanı göbələklərin istehlakı səbəbindən baş verdiyi müəyyən edilib.
Hadisə oktyabrın 29-da baş verib. Zəhərlənmə diaqnozu ilə altı kişi və bir qadın Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə müraciət edib.
TƏBİB-in məlumatına görə, vəziyyətləri qənaətbəxş qiymətləndirilən iki nəfərə tibbi xidmət göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıb.
Digər beş kişi isə saat 21:00 radələrində daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı Kliniki Tibbi Mərkəzə aparılıb. Tibb müəssisəsində müalicəsi davam etdirilən bu şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir.
AQTA hadisə ilə əlaqədar əhaliyə müraciət edərək mənşəyi və növü dəqiq bilinməyən, eləcə də yeməli olduğuna əmin olmadıqları yabanı göbələkləri yığmamağa və yeməməyə çağırıb.
Mənbə: APA


