Nizami rayonunda yanğın

Bakının Nizami rayonunda, fəaliyyət göstərməyən ət kombinatının ərazisində taxta və plastik materiallar yığılmış sahədə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, nazirliyin “112” qaynar xəttinə rayonun Davud Aslan küçəsində yanğın olması barədə məlumat daxil olub və hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri göndərilib.

APA-nın ilkin məlumatında yanğının taxta bazarında baş verdiyi bildirilsə də, sonradan hadisənin keçmiş Keşlə Ət Kombinatının ərazisində olduğu dəqiqləşib.

Nazirliyin məlumatına görə, fəaliyyət göstərməyən kombinatın ərazisində 1800 kvadratmetr sahəyə toplanmış plastik və taxta materiallar 500 kvadratmetr sahədə yanıb.

Görülən tədbirlər nəticəsində alovun daha geniş sahəyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Leave A Reply