Zəhərlənmə şübhəsi

Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsinin baş verdiyi iddia olunur. Məlumata görə, restoranda əlilliyi olan təxminən 34 nəfərin iştirakı ilə toplantı keçirilib və iştirakçılardan 14-ü qidadan zəhərləndiyini bildirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi bildirir ki, 31 oktyabr saat 20:15 radələrindən başlayaraq daxil olan çağırış əsasında təcili yardım briqadası tərəfindən 5 qadın zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi modul tipli xəstəxanasına yerləşdirilib. Qurumun ilkin məlumatında hospitalizasiya olunanların sayının 4 olduğu qeyd edilsə də, sonradan bu say 5 nəfər kimi göstərilib. Mərkəz vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin ambulator müalicə üçün evə buraxıldığını qeyd edib.

Hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məkanda araşdırmalara başlayıb.

Agentlik bildirir ki, ilkin yoxlama zamanı restoranda ümumi sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanması zamanı nöqsanlara, habelə çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib. Müəssisədən laborator müayinələr üçün nümunələr götürülüb.

Leave A Reply