Jurnalistə hücum iddiası

Bakının Nizami rayonunda baş vermiş yanğını işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və peşə fəaliyyətinə mane olunması faktı ilə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb və araşdırma aparılır. Nazirliyin məlumatına görə, hadisə yerində mühafizəçi işləyən Heydər Sərdarov jurnalistə müxtəlif dərəcəli xəsarətlər yetirməkdə və onun peşə fəaliyyətinə mane olmaqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

“APA Group”un yaydığı bəyanatda qeyd olunur ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonu Davud Aslan küçəsində, fəaliyyət göstərməyən ət kombinatının ərazisindəki yanğını işıqlandıran APA TV-nin müxbiri Sənan Bəhrəmli fiziki hücuma məruz qalıb. Şirkət bildirir ki, özünü mühafizəçi kimi təqdim edən Heydər Sərdarov jurnalistə xəsarət yetirib, onu təhqir edib və çəkiliş avadanlığına zərər vurub. Qrup həmçinin bir neçə gün əvvəl “REAL TV” və “Space TV” əməkdaşlarının da oxşar halla üzləşdiyini xatırladıb.

Azərbaycan Respublikası Media və Yayım Şurası da hadisə ilə bağlı bəyanat yayaraq çəkiliş zamanı jurnalistlərə qarşı zorakılığı və peşə fəaliyyətinə maneələri pisləyib. Qurum “Media haqqında” Qanuna əsasən jurnalistlərin fəaliyyətinə müdaxilənin yolverilməz olduğunu vurğulayıb və hadisənin obyektiv araşdırılacağına inandığını bildirib.

Leave A Reply