Kiberhücum
Noyabrın 1-nə keçən gecə Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) saytı kiberhücuma məruz qalıb. Saytın həm federal, həm də regional səhifələrində Belarus dilində “Heç kim məsuliyyətdən qaça bilməyəcək” yazısı və “Kiberpartizanlar BY” ilə “Silent Crow” qruplaşmalarının loqoları yerləşdirilib. Səhər saatlarında saytın fəaliyyəti bərpa edilib.
“Silent Crow” qruplaşması qurumun daxili İT infrastrukturunu sıradan çıxardığını bildirir. Hakerlər xidmətin mərkəzi aparatı, regional bölmələri və Statistika İnformasiyasının Emalı və Yayılması üzrə Baş Regionlararası Mərkəzi daxil olmaqla infrastrukturun böyük hissəsinə daxil olduqlarını iddia edirlər.
Qruplaşmanın yaydığı açıqlamaya görə, qurumun sistemindən ümumilikdə 23 terabayta yaxın informasiya köçürülüb. Bu məlumatların əsas hissəsini bazalar, daxili sənədlər, xidməti informasiyalar və əməkdaşların iş kompüterlərindəki fayllar təşkil edir. Hakerlər əldə olunan materiallar arasında Rusiyanın Ukraynaya qarşı müharibədəki hərbi itkilərinə dair Rosstat sistemində olan məlumatların da yer aldığını iddia edirlər.
Rosstat kiberhücum faktını təsdiqləyib. Bununla belə, qurum hücum nəticəsində məlumat bazalarının və qanunla qorunan informasiyanın sızmasının qeydə alınmadığını bəyan edib.
Belarus kiberpartizanları 2025-ci ilin iyulunda “Aeroflot” şirkətinin İT sistemlərinə etdikləri kütləvi hücumla da tanınırlar. On minlərlə sərnişinə təsir edən həmin nasazlıq səbəbindən şirkət reyslərin ləğvinə görə ən azı 260 milyon rubl itirmiş, ümumi zərər on milyonlarla dollarla ölçülmüşdü. 2026-cı ilin iyulunda Rusiya Ali Məhkəməsi “Kiberpartizanlar BY” və “Silent Crow” qruplaşmalarını “ekstremist təşkilat” elan edib.


