Cəza psixiatriyası
Belarusda hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı ən azı 22 nəfər məcburi psixiatrik müalicədə saxlanılır. Həmin şəxslər rəsmiləri təhqir etmək, hakimiyyətin ekstremist hesab etdiyi fəaliyyətə kömək, dövlət bayraqlarını çıxarmaq və terror ittihamları ilə cəzalandırılıb.
RFE/RL xəbər verir ki, hüquq müdafiəçiləri və həkimlər bu təcrübəni keçmiş sovet məkanında tətbiq edilən cəza psixiatriyasının müasir bərpası adlandırırlar. Adi həbs cəzalarından fərqli olaraq, məcburi müalicənin konkret başa çatma vaxtı olmur və bu şəxslər amnistiya və ya əfv imkanlarından istifadə edə bilmirlər. Hüquq müdafiəçiləri 2020-ci ildən bəri heç bir siyasi məhbusun məcburi müalicədən buraxılmadığını vurğulayırlar.
Keçmiş həbsxana həkimi və psixiatr Vasıl Zavadski bildirir ki, məcburi müalicəyə göndərilənlər hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdədirlər: “Bu insanlar bir növ ‘boz zonadadır’. Hətta deyərdim ki, ‘qara zonadadır’”. Onun sözlərinə görə, siyasi məhbusların məcburi müalicəyə göndərilməsi təşəbbüsü tibb işçilərindən yox, polis, müstəntiq, prokuror və DTK əməkdaşlarından gəlir.
Məcburi müalicəyə göndərilənlərdən biri 2021-ci ilin sentyabrında Minskdə DTK əməkdaşları ilə atışmada öldürülən Andrey Zeltsarın həyat yoldaşı Maria Uspenskayadır. O, DTK zabiti Dzmitrı Fedasyukun qətlində şərik olmaqda ittiham edilib və məhkəmə qərarı ilə xəstəxanaya salınıb. “Viasna” İnsan Hüquqları Mərkəzi onun Minskdəki Psixi Sağlamlıq üzrə Respublika Elmi-Praktiki Mərkəzində saxlanıldığını bildirir.
Məcburi müalicəyə göndərilənlər arasında dövlət rəsmisini təhqir etməkdə ittiham olunan yazıçı və rəssam Neli Alforava, siyasi məhbuslara dəstək verdiyi üçün ekstremizmdə ittiham olunan Natallya Manıla, Natallya Mikuliç, hərbi fəaliyyətə hazırlaşmaqda ittiham olunan 25 yaşlı Asker Alaxverdiyev, dövlət bayraqlarını endirən 21 yaşlı İvan Mikşa və Mahilyovdakı Daxili İşlər Nazirliyi institutuna hücumda ittiham edilən Danila Jarın da yer alır.
“Viasna” mərkəzinin hüquqşünası Svyatlana Halaunyova qeyd edir ki, Belarusda ekspertiza tələbini polis, müstəntiq, prokuror və ya hakim irəli sürə bilər, lakin son qərarı məhkəmə verir. Psixiatr Sərgey Papov isə RFE/RL-ə bildirib ki, qanuna əsasən xəstələr ən azı altı aydan bir yoxlanmalıdır, lakin təhlükəsizlik qurumları həkimlərin qərarlarına təsir göstərə bilir.
Həbsdə olduğu dövrdə Minskdəki “Navinki” kompleksində psixiatrik yoxlamadan keçirilən keçmiş siyasi məhbus Palina Şarenda-Panasyuk isə oradakı şəraitin həbsxanadan da ağır olduğunu söyləyib. O, mütəxəssislərlə danışmaqdan imtina etdiyini və bunun cəza psixiatriyası olduğunu dediyini bildirib.


