Ukrayna və Rusiya

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bəyan edib.

Zelenski “CNN Türk” telekanalına müsahibəsində danışıqların başlanması üçün çevik addımlar atılmasının vacibliyini vurğulayıb. O, xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin olunmasına diqqət çəkərək dənizdə təcili təhlükəsiz dəhlizin açılmalı olduğunu söyləyib. Ukrayna Prezidenti hazırda dörd gəminin Rusiyanın hücumuna məruz qaldığını bildirib.

Zelenski Türkiyənin iki ölkə arasında praktik vasitəçi ola biləcəyini qeyd edib: “Prezident Ərdoğan bu məsələləri Rusiya tərəfi ilə müzakirə edəcək. Bunun hansı formatda, necə və nə vaxt keçiriləcəyi, əlbəttə ki, Prezidentin öz qərarından asılıdır”.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə “Vesti” telekanalına açıqlamasında Zelenskinin müxtəlif kanallarla dialoqa hazır olduğu barədə siqnallar ötürdüyünü bildirib.

Uşakov görüşün yeri ilə bağlı fərqli mövqe ortaya qoyaraq Ukrayna liderini Rusiyanın paytaxtına dəvət edib: “Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq istəyirsə, Moskvaya gələ bilər. O, müxtəlif mənbələr vasitəsilə siqnallar göndərir. Danışmaq istəyirsə, belə bir görüş keçirmək niyyətindədirsə, qoy gəlsin”.

Leave A Reply