Premyer Liqa
Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi” səfərdə “Şamaxı”ya 3:2 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində xallarını 21-ə yüksəldən paytaxt təmsilçisi turnir cədvəlində birinci pilləyə yüksəlib.
Apasport.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən və FİFA referisi Tural Qurbanovun idarə etdiyi görüşdə ilk qolu 15-ci dəqiqədə qonaqların heyətində Qustavo Klisman vurub. Meydan sahibləri 24-cü dəqiqədə Abdullahi Şuaybunun qolu ilə tarazlığı bərpa edib və ilk hissə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə Breno Almeyda “Neftçi”ni yenidən önə çıxarıb. Bu, braziliyalı hücumçunun çempionatdakı doqquzuncu qolu olub. “Şamaxı” 64-cü dəqiqədə Ayman Boualinin qolu ilə hesabı yenidən bərabərləşdirsə də, 75-ci dəqiqədə Adeleke Akinyemi bakılılara qələbə qazandıran topa imza atıb.
Turun əvvəlki oyunlarında “Turan-Tovuz” “Sabah”a 3:2 hesabı ilə qalib gəlib, “Araz-Naxçıvan” – “Zirə” matçında 2:2, “Qəbələ” – “Qarabağ” görüşündə isə 0:0 hesabı qeydə alınıb. Hazırda bir oyunu ehtiyatda olan “Sabah” 20 xalla ikinci pillədədir.


