Qəzza zolağı

Qəzza zolağında İsrail hərbçilərinin endirdiyi zərbələr nəticəsində azı səkkiz fələstinlinin həyatını itirdiyi, bir neçə nəfərin yaralandığı bildirilir.

Al Jazeera xəbər verir ki, tibb mənbələrinin məlumatına görə, Xan Yunisin qərbindəki Əl-Məvasi bölgəsinə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində beş nəfər həlak olub. Qəzzanın Daxili İşlər Nazirliyi həmin ərazidə xidmət aparan polis əməkdaşlarının hədəf alındığını bildirib.

İsrail ordusu AFP agentliyinə açıqlamasında Qəzzanın cənubunda “terrorçunu” hədəfə aldığını bəyan edib.

Şimal bölgəsində isə Əl-Şifa xəstəxanasındakı mənbələrin verdiyi məlumata görə, Qəzza şəhərinin Rimal məhəlləsinə dron zərbəsi nəticəsində dördyaşlı oğlan uşağı da daxil olmaqla azı üç fələstinli ölüb. Hücum zamanı “Tac Mall” ticarət mərkəzinin də vurulduğu bildirilir. Bundan başqa, əvvəlki zərbələrdə yaralanmış daha bir şəxs həyatını itirib.

Həmas yaydığı bəyanatda hücumları pisləyərək onları “qəsdən törədilmiş müharibə cinayəti” adlandırıb. Təşkilat polis əməkdaşlarının və mülki şəxslərin hədəfə alınmasını bərpa səylərini əngəlləmək və sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri davam edən müharibədə indiyədək ən azı 74 594 fələstinli öldürülüb.

Leave A Reply