Rusiya-Ukrayna müharibəsi

Qananın xarici işlər naziri Samuel Okudzeto Ablakwa Rusiya prezidenti Vladimir Putinin Qana vətəndaşlarının Rusiya ordusuna cəlb olunaraq Ukraynaya qarşı müharibədə iştirak etməsini qadağan edəcəyini dediyini bildirib. Bu, Qana tərəfinin sözüdür, Kremlin təsdiqinə rast gəlmədik.

Samuel Okudzeto Ablakwa “Facebook” səhifəsində yazıb ki, bu mövqe Qana prezidenti Con Dramani Mahamanın narahatlığını çatdırmasından sonra səsləndirilib: “Prezident Mahamanın ifadə etdiyi narahatlıqdan sonra prezident Putin bildirdi ki, Qana vətəndaşlarının Ukrayna ilə müharibədə iştirakına artıq icazə verilmir. Bu qərar prosedurlardan kənar cəlb etmə və ya könüllü istək də daxil olmaqla, bütün hallara şamil edilir”.

Putin Qana prezidenti Con Dramani Mahama ilə oktyabrın 30-da üçüncü Rusiya-Afrika sammiti çərçivəsində görüş keçirib.

Afrika ölkələrinin vətəndaşlarının Rusiya ordusuna fərqli üsullarla aparıldığı bildirilir. “Bloomberg” agentliyinin araşdırmasına görə, Cənubi Afrika Respublikasının keçmiş prezidentinin qızı Duduzile Zuma-Sambudla Cənubi Afrika və Botsvanadan olan vətəndaşları orduya cəlb etməklə məşğul olub. O, kişiləri gələcəkdə atasının partiyasında işləmək məqsədilə mühafizəçi hazırlığı kurslarına aparılacaqlarına inandırıb.

Ukrayna hökumətinin son məlumatına əsasən, Rusiya 135 ölkədən 28 mindən çox əcnəbini müharibəyə cəlb edib və onlardan 5 mindən çoxu döyüşlərdə həlak olub. Ukraynada ən azı 213 əcnəbinin hərbi əsir kimi saxlanıldığı, onlardan 37-nin Afrika ölkələrinin vətəndaşları olduğu qeyd olunur. Afrika dövlətləri, xüsusilə Keniya hökuməti vətəndaşlarının aldadılaraq cəbhəyə aparıldığını vurğulayaraq Ukraynada əsir düşən şəxslərin insan alveri qurbanı kimi tanınmasını tələb edib.

Leave A Reply