Enerji savaşı
Rusiya tərəfi Ukraynanın neft emalı müəssisələrinə pilotsuz uçuş aparatları ilə zərbələri bərpa etdiyini bildirir. Rusiya dövlət mediasının yaydığı məlumata görə, Ukraynanın uzaqmənzilli dronları gecə saatlarında Nijni Novqorod vilayətindəki Kstovo neft emalı zavodunda yanğına səbəb olub. Bundan bir qədər əvvəl isə Samara vilayətində “Rosneft” şirkətinə məxsus digər böyük müəssisə hədəf alınıb.
Hücumun ardınca Nijni Novqorod vilayətinin rəhbərliyi yanacaq satışına məhdudiyyətlər qoyub. Vilayət hökumətinin bildirdiyinə görə, bir avtomobilə 40 litrədək benzin satışı limiti tətbiq edilib, qonşu regionların nömrə nişanlı nəqliyyat vasitələrinə yanacaq verilməsi məhdudlaşdırılıb və çənlərə benzin doldurulması qadağan olunub.
Həmçinin avtomobil nömrələrinin son rəqəminə əsaslanan “tək-cüt” sistemi üzərində nəzarət gücləndirilib və Rusiya Müdafiə Nazirliyinin ehtiyacları istisna olmaqla, yanacağın vilayət anbarlarından kənara daşınması dayandırılıb. Dizel yanacağının satışına isə limit tətbiq edilməyib. Vilayət qubernatoru Qleb Nikitin sənaye müəssisəsinin ciddi ziyan gördüyünü, avtomobildə olan bir qadının xəsarət aldığını açıqlayıb.
Kreml rəsmiləri hücumların cümə günündən etibarən yenidən başladığını bildirərək, Kiyevin ABŞ-nin tələblərinə məhəl qoymadığını iddia ediblər. Əvvəllər “The Wall Street Journal” qəzeti Ukraynanın Ağ Evin təzyiqlərinə görə Rusiya enerjisinə zərbələri dayandırdığını yazmışdı. Lakin Ukrayna rəsmiləri “Kyiv Independent” nəşrinə açıqlamalarında ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin zərbələri 30 gün dayandırmaq tələbi ilə heç vaxt razılaşmadıqlarını qeyd ediblər.
ABŞ Prezidenti Donald Tramp qlobal yanacaq qiymətlərinin artmasında Ukrayna Prezidenti Volodimir Zelenskini günahlandırıb və ötən ay Rusiyanın dizel yanacağına tətbiq edilən sanksiyaları ləğv edib.
Zelenski neft zavodlarına endirilən son zərbələri təsdiqləməsə də, Ukrayna qüvvələrinin Rusiyanın Rostov vilayətində raket istehsal edən hərbi müəssisəyə və “Pantsir” kompleksinə zərbə endirdiyini bildirib. O, Rusiyanın Ukraynanın enerji şəbəkəsinə hücumlarına cavab vermək məcburiyyətində qaldıqlarını vurğulayıb.
Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın son gecə zərbələri nəticəsində dörd regionda yüz minlərlə ailə işıqsız qalıb, Kiyevdə isə istilik elektrik stansiyasının zədələnməsi səbəbindən elektrik enerjisi 8-10 saatlıq fasilələrlə verilir. Zelenski həmçinin Rusiyanın oktyabr ayında 54 min 400 hərbçi (ölən və yaralanan) itirdiyini və Ukraynanın ötən ay 96,2 kvadrat kilometr ərazini geri qaytardığını bəyan edib.
Neft obyektlərinə zərbələr ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya nəzarətindəki Oleşki şəhərində əldə edilmiş altıgünlük yerli atəşkəsin başa çatması ərəfəsinə təsadüf edir. Təxliyə prosesi baş tutsa da, ukraynalı müşahidəçilər Rusiya ordusunun bu fasilədən mövqelərini gücləndirmək və şəxsi heyəti yeniləmək üçün istifadə etdiyini bildirirlər.
Digər tərəfdən, Kreml rəsmiləri Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bu ay baş tuta biləcəyini və Vladimir Putinin Zelenski ilə Avropa liderləri olmadan birbaşa telefonla danışmağa hazır olduğunu qeyd ediblər. Lakin Moskvanın Donetsk vilayətinin tamamını, eləcə də nəzarət etmədiyi Xerson və Zaporojye ərazilərini tələb etməsi razılaşma ehtimalını azaldır.


