Ermənistan-Azərbaycan
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirəsində deyib ki, Yerevan yeni Konstitusiyanın Azərbaycanla sülh sazişinin imzalanmasına gətirib-gətirməyəcəyini yaxın vaxtlarda öyrənməyə çalışacaq. Bakı sazişin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürür.
Paşinyan bu sualı müxalifətin qaldırdığını və “legitim və vacib” olduğunu bildirib. Onun sözlərinə görə, saziş imzalanandan sonra iki ölkə arasında mübahisəli məsələ qalıb-qalmayacağı da aydınlaşdırılmalıdır.
Baş nazir yeni Konstitusiyanın layihəsinin noyabrda dərc olunacağını və ictimai müzakirəyə çıxarılacağını da açıqlayıb: “Bu proses layihənin cəmiyyətimiz tərəfindən kifayət qədər geniş müzakirə olunduğuna əmin olana qədər davam edəcək”.
Paşinyan ABŞ-nin dəstəklədiyi TRIPP marşrutu barədə isə deyib ki, şirkət yaradılana qədər hökumət dəmir yolu, avtomobil yolu və elektrik xətlərinin layihələndirilməsini özü sifariş edəcək: “Biz vaxt itirmək istəmirik”. Marşrut Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvana bağlamalıdır.
Paşinyan həmçinin deyib ki, orta müddətdə Ermənistanın bütün sərhədlərinə onun öz Sərhəd Xidməti nəzarət etməlidir və bunu Avropa İttifaqı ilə viza liberallaşması şərtləri ilə əlaqələndirib. Erməni sərhədçilər artıq “Zvartnots” hava limanında, İranla sərhəddəki Aqarak, Türkiyə ilə sərhəddəki Marqara və Axurik keçidlərində rus sərhədçiləri əvəz edib. İran və Türkiyə sərhədlərində əvəzlənmə mərhələlərlə gedir.
Baş nazirin müavini Mher Qriqoryan isə Azərbaycanla delimitasiyanın növbəti mərhələsi üzrə hələ razılıq olmadığını, amma TRIPP infrastrukturu keçəcək ərazilərdə bu işin növbədənkənar aparılacağını deyib.
O, həmçinin Ermənistanın iqtisadi öhdəliklərini pozmağa yönəlmiş “gizli plan” olduğunu iddia edib və bunun Avrasiya İqtisadi İttifaqı və Rusiyadakı müəyyən dairələr tərəfindən dəstəkləndiyini deyib. Paşinyan planın təfərrüatını açıqlamayıb.


