Azərbaycan, banklar

APA-nın məlumatına görə, səhmdarların qərarı ilə “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri bankdan ayrılıb, onu “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov əvəzləyib. “Bank Respublika”ya müvəqqəti olaraq sədr müavini Aslan Abbasov rəhbərlik edəcək.

“Bank Respublika” 1992-ci ildə yaradılıb, rəsmi əsas səhmdarları Quliyev qardaşlarıdır. Natiq Quliyev 63,32 faiz payla ən böyük səhmdardır, Elçin Quliyevin 18,46, Namiq Quliyevin 8,47 faiz payı var. Üç qardaşın payı təxminən 90 faizdir. Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası Natiq Quliyevi bankın qurucusu və son nəzarət edən şəxsi kimi göstərir. 2017-ci ildə o, “Biləsuvar Aqro” və “Qarabağ Taxıl” şirkətlərinin də əsas səhmdarı kimi təqdim olunurdu, 2021-ci ildə isə “Səba”nın Müşahidə Şurasına sədrlik etdiyi yazılırdı. “Bank Respublika”nın 93,32 faizinə sahib olduğu “Bakı Sığorta” 2024-cü ilin dekabrında öz müraciəti ilə lisenziyasını itirib. O, 2016-2017-ci illərdə bankın Müşahidə Şurasına sədrlik edib, sonra şuranın üzvü olaraq qalıb. Şuranın indiki sədri 5,45 faiz paya malik Şakir Rəhimovdur. Qardaşlar 2024-cü il üçün 11 milyon manatdan çox dividend alıblar.

2019-cu ildə “AzPolitika” saytı yazırdı ki, “Bank Respublika”nın əsl sahibi o vaxt Mərkəzi Bankın İdarə Heyətinin sədri olan Elman Rüstəmovdur. Adı açıqlanmayan “məlumatlı mənbələrə” istinad edən sayt Quliyev qardaşlarının Rüstəmovun biznesini idarə etdiyini iddia edirdi. Nə Elman Rüstəmov, nə Quliyev qardaşları bu iddia ilə bağlı açıqlama verməmişdilər.

Elman Rüstəmov 1995-2022-ci illərdə Mərkəzi Banka rəhbərlik edib, indi isə Baş nazirin müşaviridir.

“AccessBank”ın səhmdarları isə beynəlxalq maliyyə qurumlarıdır: Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası, “responsAbility”, Niderland və Avstriya inkişaf bankları və başqaları. “AccessBank” 2018-2019-cu illərdə yenidən qurulanda onun kreditorları bankın səhmdarı olmuşdu. Sövdələşmənin şərtlərinə görə, “AccessBank”ı satan bu qurumlar “Bank Respublika”nın yeni buraxılan imtiyazlı səhmlərini alır. Bu səhmlər “Bank Respublika”nın nizamnamə kapitalının 25 faizini təşkil edir.

Banklar əvvəlcə ayrı işləyəcək, sonra birləşdiriləcək. Birləşmiş bankın aktivləri 4,5 milyard, kredit portfeli 3,3 milyard manat olacaq.

“Bank Respublika”nın 30 sentyabr hesabatına görə, bir ildə bankın depozitləri 27,6 faiz azalaraq 1,1 milyard manata düşüb. Azalma şirkət depozitlərindədir, əhalinin depozitləri 0,3 faiz artıb. Bank doqquz ayda 50,3 milyon manat xalis mənfəət əldə edib.

Leave A Reply