“Meydan TV işi”

“Meydan TV” məhkəmə reportajında yazır ki, kanalın həbsdə olan baş redaktoru Aynur Elgünəşin (Qənbərova) vəkili Zibeydə Sadıqova noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun ev dustaqlığına buraxılmasını istəyib. Hakim Zaur Hacıyevin sədrlik etdiyi kollegiya təxminən yarım saat müşavirədən sonra vəsatəti rədd edib. Eyni tələb oktyabrın 26-da da təmin olunmamışdı.

Vəkil məhkəmədə deyib: “Aynur Qənbərova bir çox xəstəliklərdən əziyyət çəkir, II qrup əlildir, 17 dəfə əməliyyat olunub. Bu gün də təcili böyrək əməliyyatına ehtiyac var. Bu barədə həkimlər rəy verib. Orqanizmində başqa bir təhlükəli xəstəlik isə şişlərdir. Səhhəti günü-gündən pisləşir”.

Sadıqovanın sözlərinə görə, kollegiyanın üzvü olan hakim Azər Tağıyevin baxdığı başqa bir işdə siqaret qaçaqmalçılığında ittiham olunan, xaricdə saxlanılıb gətirilən şəxs ev dustaqlığına buraxılıb.

Azadlıq Radiosunun yazdığına görə, vəkil Elgünəşin vəziyyəti ilə bağlı bütün sənədlərin Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təqdim olunduğunu deyib: “Müayinə Gömrük Hospitalında aparılmalıdır. Amma gecikdirilir, indi də deyirlər ki, Gömrük Komitəsinin icazəsi lazımdır”. Penitensiar Xidmət hələlik açıqlama verməyib.

İclasda “arqument.az” saytının rəhbəri, jurnalist Şəmşad Ağa ilə hakim arasında mübahisə düşüb. “Yaxınlarım, hörmət elədiyim adamlar burada olmasa, heç bu məhkəməyə gəlmərəm. Çünki bu, məhkəmə deyil, məzhəkədir”, – Ağa deyib. Hakim Hacıyev “burada şou göstərməyə ehtiyac yoxdur” deyə cavab verib. İlk şahid, Bakı Jurnalistika Məktəbinin icarədə olduğu ofisin sahibi Tamilla Qurbanova əmlakını qanuni icarəyə verdiyini, başqa məlumatı olmadığını bildirib. Təqsirləndirilən Ülvi Tahirov işdəki icarə sənədlərinin kserosurət olduğunu deyərək etiraz edib.

Vəkil Rövşanə Rəhimli isə təcridxanadan kamera görüntülərinin alınmasını istəyib: jurnalist Nurlan Libre döyüldüyünü, cərimə kamerasına salındığını və vəkili ilə görüşdürülmədiyini demişdi. Təcridxana rəisi Elnur İsmayılov məhkəməyə məktubunda onun intizam pozuntusuna görə 3 gün cərimə kamerasında saxlanıldığını yazıb, görüşə məhdudiyyət iddiasını təkzib edib. Məhkəmə təcridxanaya sorğu göndərməyə qərar verib. Növbəti iclas noyabrın 30-dadır.

İşdə 12 nəfər təqsirləndirilir. Onlara qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları rədd edir və korrupsiyanı ifşa etdiklərinə görə cəzalandırıldıqlarını deyir. Rəsmilər isə ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını bildirir.

Leave A Reply