Azərbaycan, media
Media azadlığını müdafiə edən “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasına qarşı beynəlxalq gündə 2026-cı il üçün mətbuat azadlığının “yırtıcıları” siyahısını dərc edib. Jurnalistləri və medianı hədəf almaqda ittiham etdiyi 33 şəxs və qurumun arasında Prezident İlham Əliyev də var. Əliyev bu siyahıda 2010-cu ildən yer alır, indi məlumatı siyasi güc vasitəsilə boğanlar kateqoriyasındadır.
RSF Əliyevin dövründə Azərbaycanı bütün tənqidi səslərin susdurulduğu “xəbər səhrası” adlandırır və 27 media işçisinin həbsdə olduğunu bildirir. Təşkilat əsas səbəblər kimi “Toplum TV” jurnalistlərinə 2026-cı ilin iyulunda verilən 14 ilədək həbs cəzalarını, Media və Yayım Şurasının yaradılmasını və ölkədən kənarda yaşayan jurnalistlərə təhdidləri göstərir. Sonuncuya misal olaraq Fransada qaçqın statusu ilə yaşayan Məhəmməd Mirzəlini xatırladır. Azərbaycan RSF-in 2026-cı il mətbuat azadlığı indeksində 180 ölkə arasında 171-ci yerdədir.
Siyahıda Donald Tramp, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Aleksandr Lukaşenko, Qasım-Jomart Tokayev, Xavyer Miley və İsrail ordusu da var. Qonşu Gürcüstandan “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili iqtisadi kateqoriyaya salınıb. RSF-in baş direktoru Tibo Bruten deyir ki, siyahı il ərzində “medianı hədəf almaqda açıq qətiyyət” göstərənləri müəyyən edir.
Gürcüstanda hakim partiyanın parlament çoxluğunun lideri İrakli Kirtsxalia hesabatı “növbəti spekulyasiya” adlandırıb. Rəsmi Bakı hələlik cavab verməyib. Azərbaycan rəsmiləri adətən ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını bildirir.


