Azərbaycan, həbsxana
“Abzas Media”nın 9 il həbs cəzası alan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva noyabrın 3-də sosial şəbəkədə yazıb ki, Həsənli noyabrın 2-də 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb. Quliyevanın sözlərinə görə, noyabrın 3-də telefon danışığı günü idi, amma Həsənli zəng etməyib.
O, səbəb kimi “Abzas Media”da müəssisə rəhbərliyi barədə gedən yazıları göstərir: “Emin Cəfərovun sifarişi ilə müavini Kamran Şahsuvarov dəfələrlə Ülvini təhdid edib və provokasiyaya çəkib”. Quliyeva iddia edir ki, başqa məhbuslar da hədələnib, onlardan Həsənliyə yazıları sildirməsini deməyi tələb ediblər: “10 saylı CÇM-də Ülvinin başına nəsə gələrsə, bunun məsuliyyətini birbaşa həbsxana rəisi Emin Cəfərov daşıyır”.
Quliyeva noyabrın 1-dəki son görüşlərində Həsənlinin də müavinin onu hədələdiyini, məhbusları ona qarşı qızışdırdığını dediyini yazır. O, uşaqla normal görüşə şərait yaradılmadığını, görüntülü zəngə icazə verilmədiyini, müəssisədə “istilik sistemindən tutmuş elementar oturacağa görə” məhbuslardan pul yığıldığını da iddia edir və Ombudsman Aparatının buna göz yumduğunu deyir.
“Abzas Media” Penitensiar Xidmətdən bu iddialarla bağlı məlumat ala bilmədiyini yazır. Xidmət əvvəlki açıqlamalarında işgəncə iddialarını rədd edib, məhbusların qanuni hüquqlarının qorunduğunu bildirib.
Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il iyunun 20-də “Abzas Media işi” üzrə ona, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəyə 9 il həbs cəzası verib. Onlara qaçaqmalçılıq və maliyyə cinayətləri ittihamı irəli sürülüb, jurnalistlər ittihamı qəbul etmir.
Foto: Ülvi Həsənli Milli Məclisin qarşısında, 28 dekabr 2021. Aziz Karimov/Getty Images, arxiv.


