İran
İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, Ali Lider Müctəba Xameneinin olduğu yer təhlükəsizlik səbəbindən gizli saxlanılır, görüntü və çıxışları da buna görə yayılmır. O, Xamenei ilə şəxsən görüşmədiyini etiraf edib, amma Prezident Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf və başqalarının onun qəbulunda olduğunu bildirib.
Əraqçi “Telegram” kanalında müsahibədən sitat gətirib: “O, rəhbərlik məqamında çox fəal və tam hakim bir şəkildə iştirak edir. Bütün məsələlər ona təqdim olunur, onun qərarları da bizə çatır”. Nazir görüntü olmamasını belə izah edib: “Biz hücum etməyə çalışan düşmənlərlə üzləşirik. Onlar rəsmilərimizi öldürüblər. Liderimizi qətlə yetiriblər”. Əraqçinin sözlərinə görə, ABŞ və İsrail ordusu müharibə zamanı bəzi rəsmilərin mənzillərini vurub.
Müctəba Xamenei atası Əli Xameneinin fevraldakı ABŞ və İsrail hücumunda öldürülməsindən sonra ali lider olub. “Reuters” aprelin əvvəlində yaxın çevrəsinə istinadla onun üzündən və ayağından ağır yaralandığını yazmışdı, Tehran isə onun vəziyyətində problem olmadığını deyir. Əraqçi sentyabrda da “NBC” kanalına görüntülərin yayılmamasını təhlükəsizliklə izah etmişdi.


