Azərbaycan, həbsxana
“Toplum TV işi” üzrə 12 il həbs cəzası alan jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Müəssisəsindən “Toplum TV”də dərc olunan yazısında bildirir ki, hicablı şagird və müəllimlərin məktəbə buraxılmamasına etiraz edən 10-a yaxın inanclı məhbus aclıq edir. Onun sözlərinə görə, Umbakıda etirazlar oktyabrın 8-də, qadağa tətbiq olunmazdan bir neçə gün əvvəl başlayıb.
İsmayılov yazır ki, oktyabrın 15-də Vəli Allahverdiyev adlı məhbusun əlləri arxadan bağlanaraq cərimə kamerasına aparıldığını görüb. O, jurnalistə deyib: “Hicab qadağasına etiraz olaraq aclığa başlamışam. Buna görə də “kars”a aparılır. Zülmə susmaq istəmirəm”. Oktyabrın 16-da aclığa başlayan Hüseyn Rzayev isə deyib: “Aclıq kamerasına aparmırlar, deyirlər ki, “kars” ağzınadək doludur”. İsmayılovun yazdığına görə, bəzi məhbuslar aclığı müvəqqəti dayandırıb.
İsmayılov bundan əvvəl noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində aclıq edən məhbusların fiziki zorakılığa məruz qaldığını, fəal Nicad İbrahimin isə təcridxana rəisinin otağında döyüldüyünü iddia etmişdi. Azadlıq Radiosunun yazdığına görə, o, Umbakıda “insanlıq əleyhinə cinayətlər” törədildiyini deyib.
Azadlıq Radiosu bu iddialarla bağlı Penitensiar Xidmətdən şərh ala bilmədiyini yazır. Xidmət əvvəlki açıqlamalarında işgəncə iddialarını rədd edib. Hicab qadağası ilə bağlı nazir müavini bu qaydaların dövlət məktəbləri üçün olduğunu demişdi.
Foto: Umbakı Penitensiar Kompleksi, arxiv. Mənbə: Turan.


