Azərbaycan, DTX
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirir ki, 2025-ci ildən beynəlxalq axtarışda olan Murad Fetiyev Azərbaycana gətirilib və onun işi üzrə məhkəmə baxışı başlayıb. Qurum onun hansı ölkədən, hansı yolla gətirildiyini və məhkəmənin nə vaxt başladığını açıqlamayıb.
DTX-nin ittihamına görə, Fetiyev “xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə” ölkənin ərazi bütövlüyünün parçalanması və milli nifrət salınması məqsədilə sosial şəbəkələrdə qruplar yaradıb, Azərbaycanda və xaricdə yaşayan “azsaylı etnik qrupun” nümayəndələrini onlara cəlb edib. Qurum bu etnik qrupun adını çəkmir. Ona terrorçuluğa açıq çağırışlar (Cinayət Məcəlləsinin 214-2-ci maddəsi), milli, irqi, sosial və ya dini nifrət salmaq (283-1-ci maddə) və digər maddələrlə ittiham irəli sürülüb.
DTX iddia edir ki, həmin qrupun bəzi üzvləri bir müddət əvvəl dövlət müəssisəsinə basqın və girov götürməyə hazırlıq ittihamı ilə həbs olunub. Qurum onların adlarını yazmır, Fetiyevlə bağlılığına sübut da təqdim etmir.
Bu, hüquq-mühafizə orqanının ittihamıdır. Məhkəmənin qüvvəyə minmiş hökmü olmadan heç kim təqsirli sayıla bilməz. Fetiyev və onun vəkili bu ittihamlar barədə hələlik açıqlama verməyib.


