Kibertəhlükəsizlik

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) xəbərdarlıq edir ki, Azərbaycanda satılan bəzi “Android TV box” cihazlarında “BADBOX 2.0” botnet kampaniyasına aid zərərli komponentlər aşkarlanıb. Agentliyə görə, oktyabrda bir sıra dövlət qurumlarının saytlarına DDoS hücumları olub, trafikin bir hissəsi Azərbaycan IP ünvanlarından gəlib, onların bir qismi isə bu cihazların işlədildiyi bağlantılarla əlaqəli çıxıb.

MKA bildirir ki, hücumlarla əlaqələndirilən modelin proqram təminatında uzaqdan idarəetməyə imkan verən komponentlər var. Yoluxmuş cihaz sahibinin xəbəri olmadan kibercinayətkarların nəzarətinə keçir və onun internet bağlantısı hücumlarda istifadə oluna bilər. Bu zaman hücumun mənbəyi kimi adi ev istifadəçisinin IP ünvanı görünə bilər.

Agentlik mənşəyi bilinməyən, etibarlı istehsalçısı olmayan Android cihazlarını (“TV box”, proyektor və s.) almamağı, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, şübhəli cihazı internetdən ayırmağı tövsiyə edir. Təşkilatlara belə cihazları əsas şəbəkədən ayırmaq, yoluxma hallarını isə Milli CERT-ə bildirmək tövsiyə olunur. Agentlik cihazın modelini açıqlamayıb.

İllüstrativ foto: “Android TV” pristavkası, Wikimedia Commons.

Leave A Reply