Büdcə zərfi, pensiya
Gələn il orta aylıq pensiyanın 595 manatdan 640 manata qalxacağı proqnozlaşdırılır. Deputat Əli Məsimli Milli Məclisin komitələrinin birgə iclasında deyib ki, regionlarda yaşayanların əksəriyyəti bu məbləği yox, median pensiyanı alır. O, artımın median pensiyaya təsirinin araşdırılmasını istəyib.
Məsimli 5 illik rəqəmləri də çəkib: minimum pensiya 200 manatdan 320 manata qalxıb, yəni 120 manat artıb, bu pensiyanı almaq üçün lazım olan yığım isə 28 800 manatdan 46 080 manata çatıb. “Bu isə xüsusən regionlarda yaşayan insanların minimum pensiya əlçatanlığını azaldır”, - deyə o bildirib.
Deputatın sözlərinə görə, son beş ildə pensiyaçıların sayı 130 min nəfər azalıb. Onun fikrincə, regionlarda yaşlı nəsil hesabına xeyli yoxsul insan formalaşmağa başlayıb.
Büdcə zərfinə görə, 2027-ci ildə əmək pensiyaları 7,5 faiz indeksləşdiriləcək, yaşa görə orta pensiya isə 680 manat proqnozlaşdırılır.
Foto: Əli Məsimli, arxiv, “Qafqazinfo”.


