Həbsxana
Həbsdə olan hüquq müdafiəçisi Yaşar Ağazadənin həyat yoldaşı Aygün İsmayıllı noyabrın 4-də mediaya iki müraciət ünvanlayıb. O yazır ki, Ağazadə iyulun 2-dən 24-dək 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirib, amma müəssisə rəhbərliyi bunu qeydə almayıb.
“Toplum TV”nin dərc etdiyi müraciətdə İsmayıllı bunun səbəbini belə izah edir: “Həyat yoldaşım işgəncəyə, fiziki zorakılığa və ləyaqəti alçaldan digər pis rəftara məruz qalmasına, saxlanma şəraitinə, həmçinin qanunsuz olaraq cərimə kamerasına (“kars”) salınmasına etiraz əlaməti olaraq qida qəbul etməkdən imtina edib”.
İsmayıllının sözlərinə görə, Ağazadə müəssisənin bir sıra əməkdaşı barədə cinayət işi açılması tələbi ilə Baş prokuror Kamran Əliyevə şikayət yazıb, şikayət Bakı İstintaq Təcridxanasına verilsə də, ünvanına çatdırılmayıb. O, ərinin dövlət qurumları ilə yazışmaq, qəzet və hüquqi sənədlərlə tanış olmaq hüquqlarının da məhdudlaşdırıldığını, Penitensiar Xidmətin isə bunu araşdırmadığını iddia edir.
Penitensiar Xidmət hələlik açıqlama verməyib.
Foto: “Toplum TV”.


