Finlandiya, Rusiya
Helsinki dairə məhkəməsi Finlandiya körfəzində sualtı kabellərin zədələnməsi işində “Fitburg” yük gəmisinin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenkoya 3 il 6 ay, bosman, Azərbaycan vətəndaşı Vüsal Məcidova isə 2 il 10 ay həbs cəzası verib. “Yle”yə görə, məhkəmə onların dərhal həbsə alınmasına da qərar verib.
Hökmdə kapitan və bosman kabellərin və qaz kəmərinin təmiri, zərərin araşdırılması xərclərini birgə ödəməyə məcbur edilib. Hökm qüvvəyə minməyib, apellyasiya şikayəti verilə bilər. Hər ikisi məhkəmədən əvvəl təqsirsiz olduğunu deyib, vəkillər də qərardan narazıdır.
Finlandiya Milli İstintaq Bürosunun məlumatına görə, Rusiyadan İsrailə gedən, Sent-Vinsent və Qrenadin bayrağı daşıyan gəmi 2025-ci ilin dekabrında sınıq lövbərini dənizin dibində ən azı 130 kilometr sürüyüb, Tallin və Helsinki arasındakı iki telekommunikasiya kabelini qırıb.
Müdafiə tərəfi Finlandiyanın bu işə baxmaq səlahiyyəti olmadığını iddia edirdi, çünki hadisə əsasən Estoniyanın xüsusi iqtisadi zonasında baş verib. Bosmanın tərəfi onun kapitan əmri olmadan lövbəri endirmək səlahiyyətinin olmadığını deyirdi.
Foto: “Fitburg” gəmisi, Finlandiya polisi.


