Ermənistan, Rusiya

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 5-də brifinqdə deyib ki, ölkəsi Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağa hazırlaşmır. “Armenpress”in yazdığına görə, o, Avropa İttifaqına üzvlük üçün 2027 və ya 2028-ci ildə müraciət etməyi real saydığını Brüsseldə dediyini xatırladıb, xalqa alternativ təklif ediləcəyini və onun seçim edəcəyini bildirib.

Paşinyan bu mərhələdə referendum üçün əsas olmadığını da deyib. Onun sözlərinə görə, Aİİ-dən çıxmaq və Aİ-yə daxil olmaq barədə referendumdan əvvəl müəyyən prosedurlar keçilməlidir.

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələri bu ərəfədə Ermənistana münasibətdə müqavilənin müvəqqəti dayandırılmasının mümkün nəticələri barədə məruzə hazırlayıb. Paşinyan məruzənin nəticələrinin böyük hissəsi ilə razı olmadıqlarını deyib.

Baş nazir həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı Ermənistanın maraqlarının tükəndiyini bildirib. Bu, KTMT-nin baş katibi Taalatbek Masadıkovun Ermənistanı səsvermə hüququndan məhrum etmə ehtimalı barədə sözlərinə cavab olub.

Foto: Nikol Paşinyan, arxiv, APA.

Leave A Reply