Ermənistan, TRIPP
Ermənistan hökuməti parlamentin “Tramp marşrutu” adlanan TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirməsi barədə qərar qəbul edib. Erməni mediasının yazdığına görə, gündəlikdə “Səhmdar cəmiyyətləri haqqında” qanuna dəyişiklik var. Dəyişiklik beynəlxalq sazişlərlə yaradılan, dövlətin 25 faiz və daha çox payı olan şirkətlərə aid edilir. Bu, marşrutu tikəcək və idarə edəcək “TRIPP Development Company”nin işini tənzimləməlidir.
Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə TRIPP və digər layihələrlə Azərbaycan yüklərinin də Ermənistan ərazisindən daşınacağına şübhə etmədiyini bildirib. O deyib ki, sülh müqaviləsinin tezliklə imzalanması Ermənistanın öhdəliyi olaraq qalır, o vaxta qədər tərəflər ticarət və tranzit kimi əməkdaşlığı genişləndirəcək.
Mirzoyan jurnalistlərə yaxın gələcəkdə Bakıya səfər etməyə ümid etdiyini də deyib, amma hələlik konkret razılıq olmadığını bildirib.
TRIPP Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirməli olan marşrutdur. Bakı isə sülh sazişinin imzalanmasını Ermənistan konstitusiyasının dəyişdirilməsinə bağlayır.
Foto: Mehri yaxınlığında Araz çayı, 2013, Wikimedia Commons.


