Ermənistan, Rusiya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 5-də brifinqdə deyib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirə oluna bilər. “Interfax” onun sözlərini belə verir: “İstisna etmirəm ki, bu məsələyə orada konkret baxılsın”.

Zaxarovanın sözlərinə görə, Yerevan təşkilatda tam iştiraka qayıda bilər, amma “heç kim tərəfdaşları təşkilatda zorla saxlamaq niyyətində deyil”. O, Ermənistanın nizamnamədəki prosedurlarla və öhdəliklərini həll edərək təşkilatdan çıxa biləcəyini də xatırladıb. Sözçü Cənubi Qafqazda “başqa təhlükəsizlik arxitekturasının perspektivi görünmür” deyib, Qərb bloklarının regionda sabitlik yarada bilməyəcəyini iddia edib.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin isə TASS-a deyib ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanı səs hüququndan müvəqqəti məhrum edə bilər. Onun sözlərinə görə, Ermənistan iki ildən çoxdur təşkilatın büdcəsinə üzvlük haqqı ödəmir, bu da nizamnamədəki məhdudiyyətləri tətbiq etməyə imkan verir. Pankin bunu “tamamilə texniki məsələ” adlandırıb, yekun qərarın üzv dövlətlərin başçılarından asılı olacağını deyib.

Kremlin sözçüsü Dmitri Peskov isə noyabrın 6-da deyib ki, Ermənistanın üzvlüyü məsələsi təşkilatın özündəki müzakirələrdən sonra həll olunacaq: “Nizamnamə sənədlərində müəyyən addımlar yazılıb, sonrası isə təşkilat daxilində hansı müzakirələrin olacağından asılıdır”. Peskov Yerevanın hazırda faktiki olaraq KTMT-nin işində iştirak etmədiyini də qeyd edib.

Bu açıqlamadan bir neçə saat əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də maraqlarının qalmadığını demişdi. Ermənistan 2024-cü ildən təşkilatdakı iştirakını dondurub, amma rəsmən çıxmayıb.

Leave A Reply