Paraqvay

Paraqvay prezidenti Santyaqo Penya noyabrın 5-də istefa verdiyini elan edib. “Al Jazeera”nın yazdığına görə, o, qeydə alınmış müraciətində deyib: “Bunu ölkəmizin sabitliyini, sosial sülhü və demokratik institutlarımızı qorumaq zərurətini nəzərə alaraq edirəm”. Penya ən böyük arzusunun əmanətlərin geri qaytarılmasının təmin olunması olduğunu bildirib.

“France 24”ün yazdığına görə, Penyanın X-də istefasını elan etməsindən bir neçə dəqiqə sonra parlamentin aşağı palatası yekdilliklə onun impiçmentinə səs verib. Prezidentin öz Kolorado partiyası da onun vəzifədən uzaqlaşdırılmasını dəstəkləyib. Dövlət başçısı vəzifəsinə vitse-prezident Pedro Alyana keçir.

Böhran “Ueno” bankının çökməsi ilə başlayıb. Mərkəzi Bank çərşənbə axşamı ciddi kapital çatışmazlığına görə bankı nəzarətə götürüb, təqaüdçülər də daxil olmaqla, 6,5 milyon əhalisi olan ölkədə təxminən 3 milyon müştəri hesablarına çıxışını itirib. Kiçik fintex şirkətindən böyüyən bank təxminən 850 milyon dollar dövlət vəsaitini idarə edirmiş.

Penya bankı idarə edən qrupun səhmdarı olub, səhmlərini ötən il satıb. Müxalifət deputatları onu maraqlar toqquşmasında, pensiya fondlarından sui-istifadədə və bankın çöküşü ilə bağlı faktları ört-basdır etməkdə ittiham edir. Paytaxt Asunsyonda etirazçılarla polis arasında toqquşmalar olub, polis gözyaşardıcı qaz və su şırnağı işlədib. Mərkəzi Bankın sədri Karlos Karvalyo da Penyanın xahişi ilə istefa verib. Bankın özü açıqlama verməyib.

Senat noyabrın 6-da fövqəladə iclasda Penyanın istefasına baxmayaraq impiçment prosesini davam etdirmək qərarına gəlib. “Al Jazeera”nın yazdığına görə, aşağı palata ittihamları 78-0 səslə təsdiqləyib, Penya müdafiəyə hazırlaşmaq üçün 72 saat vaxt istəyib. “Ueno”nun səkkiz rəhbəri üçün həbs qərarı çıxarılıb, onlar sonradan özləri polisə gəliblər. Baş prokuror bankın çöküşü, ona nəzarət və dövlət vəsaitinin bu banka yerləşdirilməsi ilə bağlı üç cinayət işi başladıb. İmpiçment məhkəməsində təqsirli bilinsə, Penya keçmiş prezidentlərə verilən ömürlük senator yerini itirəcək.

Leave A Reply