Rusiya-Ukrayna müharibəsi

Qırğızıstanın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərərək 21 yaşlı Elistan Toktoqulovun vətənə qaytarılmasını tələb edib. Azadlıq Radiosunun yazdığına görə, yaxınları iddia edir ki, gənci iş vədi ilə aldadıb Rusiyaya aparıblar, sonra isə hərbi hissəyə göndəriblər.

Elistanın qardaşı Bayastan Kuştarbek uulunun sözlərinə görə, gənc “Instagram”da iş elanı görüb və Rusiyada yaşayan bir Qırğızıstan vətəndaşı ilə əlaqə saxlayıb. Ona yük maşını sürücüsü və mühafizəçi kimi bir neçə iş təklif edilib, 110 min rubla qədər (təxminən 1350 dollar) maaş vəd olunub. Elistan iki həftə əvvəl Rusiyaya yollansa da, işə yox, hərbi hissəyə düşüb. Yaxınları onun hazırda Voronej vilayətindəki hərbi təlim poliqonunda saxlanıldığını və Ukraynadakı müharibəyə göndərilmək üçün hazırlandığını deyirlər. Noyabrın 3-də ailə Manas şəhərində toplaşıb ölkə rəhbərliyinə videomüraciət edib.

Qırğızıstan Xarici İşlər Nazirliyinə görə, səfirlik Rusiyanın aidiyyəti qurumlarına rəsmi məktublar göndərib və gənci hərbi xidmətə cəlb edənlərin müəyyən edilib cəzalandırılmasını istəyib. Nazirlik vətəndaşlarına müqavilə və digər rəsmi sənədləri imzalamazdan əvvəl diqqətlə oxumağı tövsiyə edib. Rusiya tərəfi notaya hələlik cavab verməyib.

Leave A Reply