Türkiyə
Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarındakı əməliyyatlarla bağlı apardığı fond istintaqı çərçivəsində saxlanılıb. Türkiyə mediasının yazdığına görə, ifadəsi alındıqdan sonra o, “Kapital bazarı haqqında” qanunu pozmaq və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq şübhəsi ilə həbs tələbi ilə növbətçi məhkəməyə göndərilib. Məhkəmə prokurorluğun vəsatətini təmin edərək onun barəsində həbs qərarı seçib.
Eyni istintaq çərçivəsində Kayanın həyat yoldaşı İlyas Kaya və Türkiyənin Kapital Bazarları Şurasının (SPK) sabiq sədri İbrahim Ömer Gönül barəsində məhkəmə nəzarəti tətbiq olunub: onların ölkədən çıxışı qadağan edilib, mütəmadi imza atmaq öhdəliyi qoyulub.
Sayan Kaya 2016-2018-ci illərdə Ərdoğan hökumətində ailə və sosial siyasət naziri olub. 2017-ci ilin martında Niderland hakimiyyəti onun Rotterdamdakı Türkiyə konsulluğuna getməsinə imkan verməmiş, nazir ölkədən çıxarılmışdı. Bu hadisə Ankara ilə Niderland arasında diplomatik böhrana səbəb olmuşdu.


