Məhkəmə

“Qafqazinfo”nun yazdığına görə, Bakıda özünü Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edib sahibkardan 30 min manat tələb edən 24 yaşlı Vətən müharibəsi qazisinə 5 il şərti həbs cəzası verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə baxılıb.

İttihama görə, o, şəhərin mərkəzindəki “Red Light” sağlamlıq mərkəzinə gəlib və orada işləyən qadın sahibkarı şantaj edərək 30 min manat tələb edib. Polisə məlumat daxil olandan sonra əməliyyat keçirilib və o saxlanılıb. İstintaq onun heç bir dövlət qurumunda işləmədiyini müəyyən edib.

Məhkəmədə təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığını bildirib. Hökmdə onun Vətən müharibəsində və antiterror tədbirlərində iştirakı, medallarla təltif olunması da nəzərə alınıb. İstintaq dövründə həbsdə olan gənc məhkəmə zalından azadlığa buraxılıb.

Leave A Reply