Abzas Media işi

“Abzas Media işi” üzrə 8 il həbs cəzası alan jurnalist Elnarə Qasımova 2026-cı il Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatına layiq görülüb. “Abzas Media”nın yazdığına görə, o, mükafatı “Yerli jurnalist” nominasiyasında, həbsxana şəraiti barədə yazılarına görə alıb. Mükafat 2000-ci ildə Syerra-Leonedə öldürülən “Reuters” müxbiri Kurt Şorkun adını daşıyır.

Münsiflər heyəti bildirib ki, Qasımova yazılarında həbsxanalardakı korrupsiya, rüşvətxorluq və təhlükəli əmək şəraiti də daxil olmaqla məhbusların üzləşdiyi ciddi problemləri işıqlandırıb, digər qadın məhbusların gündəlik ayrı-seçkiliyini və alçaldıcı rəftarı sənədləşdirib: “Elnarə Qasımovanın Azərbaycan həbsxanasından hazırladığı yazılar böyük cəsarət nümayiş etdirir və həbsxana həyatının son dərəcə narahatedici tərəflərinə işıq salır”.

“Abzas Media”nın mühacirətdə olan direktor əvəzi və baş redaktoru Günel Səfərova deyib: “Azərbaycanda təxminən 30 jurnalist və media işçisi həbsdədir. Belə bir beynəlxalq tanınma yalnız Elnarə üçün deyil, onların hamısı üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Bu, onlara unudulmadıqlarını xatırladır”.

Leave A Reply