Hədə-qorxu ilə tələb
“Qafqazinfo”nun yazdığına görə, “Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.
İttihama görə, Məmmədov və Qasımzadə Gəncədəki “Omid Gəncə-3” mağazasının müdirini satılan mallardan gələn pulu mənimsəməkdə günahlandırıb, onu döyüb, hədə-qorxu ilə şirkətə vurduğu ziyana görə 88 min manat tələb ediblər. Mağaza müdiri polisə şikayət edəndən sonra hər ikisi saxlanılıb.
“Omid” təmir, tikinti və məişət mallarının topdan və pərakəndə satışı üzrə ölkənin ən böyük şəbəkələrindən biridir. Şirkətin Bakı, Gəncə, Sumqayıt və rayonlarda 100-ə yaxın filialı var. Şirkət ittihamla bağlı hələlik açıqlama verməyib.


