Keniya
Keniyanın Mombasa şəhərindəki məhkəmə “qiyamət sektası”nın lideri Pol Makenzini 191 nəfəri öldürməyə görə 200 il həbs cəzasına məhkum edib. BBC-nin yazdığına görə, öldürülənlərin biri istisna olmaqla hamısı uşaqdır. Makenzi ilə birlikdə daha 27 nəfər təqsirli bilinib.
Məhkəməyə görə, Makenzi sekta üzvlərinə uşaqlarını “İsa ilə görüşmək” üçün ac saxlayıb öldürməyi əmr edib. Hakim Diana Moçaçe deyib ki, əsas cinayət məsuliyyəti Makenzinin üzərinə düşür və cəza “belə vəhşiliklərin qanunun icazə verdiyi ən ağır cəzanı tələb etdiyini” göstərməlidir. Prokurorluq Makenzi üçün ölüm cəzası istəyirdi.
Özünü pastor adlandıran Makenzi 2023-cü ildə Keniya sahilləri yaxınlığındakı Şakahola meşəsində dayaz qəbirlərdə 400-dən çox meyit tapılandan sonra həbs olunub. O və digər təqsirləndirilənlər günahlarını qəbul etməyib, heç kimin ölməyə məcbur edilmədiyini deyiblər.


