Gürcüstan

Tbilisi meri Kaxa Kaladze küçə itlərinin meyitlərini qəbirlərdən çıxaran heyvan hüquqları fəallarından “beş-altı nəfərin bu gün aparılıb yatızdırılmalı” olduğunu deyib. “OC Media”nın yazdığına görə, fəallar bu sözləri təhdid kimi qəbul edib və araşdırma tələb ediblər.

Mübahisə müxalifətə yaxın “TV Pirveli” kanalının oktyabrın 31-də Tbilisidəki qəbiristanlıqda it meyitlərinin quyulara basdırıldığını göstərməsindən sonra başlayıb. Görüntülər şəhərdə etirazlara səbəb olub. Fəallar son aylar küçə itlərinin yoxa çıxdığını və hakimiyyətin heyvanları gizli öldürdüyünü iddia edirlər. Kaladze isə şəhərin Heyvanlara Nəzarət Agentliyinin işini müdafiə edib.

Prokurorluq cinayət əlaməti olmadığını əsas gətirərək Kaladze barəsində iş açmaqdan imtina edib, Baş nazir İrakli Kobaxidze də merin sözlərinin məcazi mənada deyildiyini bildirib. Fəal Natiya Çikovani isə deyib: “Şəhər meri vətəndaşları yatızdırmaqla hədələyəndə normal ölkədə o adam ertəsi gün vəzifədə olmamalıdır”. Bələdiyyə isə hüquq-mühafizə orqanlarını agentlik işçilərini hədələyən fəallara qarşı tədbir görməyə çağırıb.

Leave A Reply